Göyçayda tikilən yeni körpüyə şəhidin adı verildi
Göyçay şəhəri ilə Ərəbcəbirli kəndi arasındakı dağ çayı üzərində yeni körpü salınıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, çay üzərindəki köhnə körpünü sel dağıtdığı üçün Ərəbcəbirli kəndinin sakinləri şəhərə gediş-gəliş zamanı əziyyət çəkirdi.
Kənd əhalisinin maddi vəsaiti ilə uzunluğu 11 metr, eni 7,5 metr olan beton körpü inşa edilib. Yerli əhali bu körpüyə 44 günlük Vətən Müharibəsində fəal iştirak edən, orduda 11 il çalışan və oktyabrın 2-də Tərtər ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçi Xəyal Məmmədovun adını verərək onu "Xəyal körpüsü" adlandırıb. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün salınan yeni körpü fevralın 13-də, onun ad günündə istifadəyə verilib. Körpünün yanında şəhidin şəkili olan xatirə lövhəsi qoyulub, bayraq ucaldılıb, ətrafda həmişəyaşıl ağaclar və gül kolları əkilib. Bir ay ərzində inşa edilən bu körpünün hər iki tərəfində və çay kənarında torpaq-daş bərkitmə, beton işləri görülüb.
Körpünün açılış mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, müharibə iştitakçıları çıxış edərək Xəyal Məmmədovun müharibədəki şücaətindən, onun xatirəsini əbədiləşdirmək üçün görülən bu xeyriyyə işlərindən danışıblar. Vətəndaşlar onun xatirəsinin qəlblərdə həmişə yaşayacağını, hər gün "Xəyal körpüsü"ndən keçərkən onu yad edəcəklərini bildiriblər.
Yaşasaydı, bu gün Xəyalın 32 yaşı tamam olacaqdı. Güləş yarışlarında çoxlu medallar qazanan Xəyal hərbi xidməti dövründə fərqləndiyi üçün 3 medal, şəhid olduqdan sonra isə "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şahnəzər Bəşirov