Göyçayda transformatorda nasazlıq yaranıb – BİR EV YANDI, MƏİŞƏT ƏŞYALARI SIRADAN ÇIXDI

Göyçay rayonunun Ləkçıplaq kəndinin Daşdəmirli məhəlləsində yerləşən transformatorda yaranan problem bir evdə yanğına və 40-dan çox vətəndaşın evlərində televizor, soyuducu, çanaq antenası aparatları, paltaryuyan maşın, su qızdırıcısı, sabitləşdirici elektrik qurğuları və mobil telefonların sıradan çıxmasına səbəb olub.

APA TV-nin yerl bürosunun məlumatına görə, mayın 10-da gecə saat 4:30 radələrində Ləkçıplaq kənd sakini, 1963-cü il təvəllüdlü Daşdəmirov Tehran Cəbrayıl oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğın zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 

Ev sahibi bildirib ki, kəndin transformatorunda nasazlıq səbəbindən bir neçə aydır ki, tez-tez elektrik enerjisi kəsilir, əhali işıqsız qalır. Dünən Göyçay rayon Elektrik Şəbəkəsinin Ləkçıplaq kəndi üzrə elektriki Tacəddin Abdullayev transformatorda yenidən baş verən nasazlığı aradan qaldırdığını bildirib. Lakin, bir neçə saat sonra həmin transformatorun əhatə etdiyi evlərə qəflətən güclü elektrik enerjisi ötürüb, nəticədə vətəndaşların elektrik məişət cihazları yanaraq sıradan çıxıb, o cümlədən kənd sakini Tehran Daşdəmirovun mənzilindəki soyuducunun mühərrikinin və televizorun partlaması evin tamamilə yanmasına səbəb olub. Kənd sakinləri onlara dəyən maddi ziyana görə kənd icra nümayəndəliyinə və rayon Elektrik Şəbəkəsinə müraciət ediblər.

Müəllif | Apa.Tv
Apa.tv