Göyçayda Vətən Müharibəsi qazisi coşqu ilə qarşılanıb

Göyçay rayonunda Vətən Müharibəsində qəhrəmancasına döyüşərək yaralanan daha bir qazinin təntənəli qarşılanma mərasimi keçirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, düşmən işğalı altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən 44 günlük müharibənin iştirakçısı Afiq Yadigar oğlu Cəfərov doğulduğu Şahsoltanlı kəndinə qayıdıb.

 

Qazinin qarşılanma mərasimində kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə qazimiz Şahsoltanlı kənd qəbiristanlığında dəfn olunan Birinci Qarabağ Müharibəsində 5 il qəhrəmanlıqla döyüşən atası Yadigar Əli oğlu Cəfərovun məzarını ziyarət edib. Daha sonra qazi Afiq Cəfərov Birinci Qarabağ Müharibəsi zamanı Ağdamda şəhid olan Əlifağa Nadir oğlu Məhiyevin və 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmancasına şəhid olan Ülvi Valeh oğlu Ağayevin məzarlarını ziyarət edib.

 

Qazimizin yaşadığı evə gəlişi ilə əlaqədar qurbanlar kəsilib, anası göstərilən diqqət və qayğıya görə mərasim iştirakçılarına təşəkkürünü bildirib.

 

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv
Apa.tv