Göyçayda yeni məktəbin köhnə problemi: Qonşuların yol davası... – ARAŞDIRMA
Uzun illər bərbad vəziyyətdə olan Göyçay rayonunun Ləkçıplaq kənd 1 saylı tam orta məktəbin binasını əsaslı şəkildə təmir edən tikinti şirkəti bu təhsil ocağını plana uyğun olaraq Təhsil Nazirliyinə tam təhvil verə bilmir. Buna səbəb isə qonşular tərəfindən məktəbin həyətyanı sahəsinin kənarına hasar çəkilməsinə icazə verilməməsidir.
APA TV bu məsələ ilə bağlı həmin məktəbdə çəkiliş aparıb, qarşı tərəflər öz şikayətini bildirib.
Məktəbdə tikinti və təmir-bərpa işlərini həyata keçirən şirkətin nümayəndəsi Hafiz Əlirzayev deyir ki, təhsil ocağı istifadəyə tam hazırdır. Lakin baş plana uyğun olaraq məktəbin hər tərəfində hasarın inşası nəzərdə tutulsa da, qonşuların narazılığı səbəbindən işlər yarımçıq qalıb. İki qonşu onların yolunun həmişə bu məktəbin ərazisindən keçdiyini iddia edərək, şirkət nümayəndələrinə hasar çəkməyə icazə vermir. Həmin vətəndaşların təhsil ocağına açılan darvazası yeni məktəbin köhnə problemlərini gündəmə gətirib: "Bu, Göyçay rayonu Ləkçıplaq kəndinin 764 şagird yerlik tam orta məktəbinin baş planıdır. Burada məktəbin həyətyanı sahəsinə baxdıqda bəzi yerlərdə hasar, bəzi yerlərdə dəmir məhəccərlər olmalıdır. Burada kənd sakinləri öz həyətinin darvazasından birbaşa məktəbə çıxır, buna görə bizim tikinti şirkəti həmin yeri hasarlaya bilmir. Çünki həmin vətəndaşların evindən küçəyə çıxmağa başqa yolu yoxdur. Ona görə məktəbin tam qarşısında olan bu ərazidə darvaza qalır və bizim hasarlama işimiz yarımçıq qalır. Vətəndaş iddia edir ki, mənim başqa yolum yoxdur. Buna görə biz əsaslı təmir etdiyimiz məktəbi Təhsil Nazirliyinə təhvil verə bilmirik".
Kənd sakini Yasif Cavadov bildirir ki, uzun illərdir özünün və qardaşının ailəsi məktəb ərazisindən yol kimi istifadə edib. O, gediş-gəliş üçün başqa yolun olmadığını, yenə məktəb ərazisindən istifadə edəcəklərini deyir: "Məktəb bərbad vəziyyətdə idi. Dövlət tərəfindən məktəb əsaslı təmir olundu. Burada qalıb iki vətəndaşın yol məsələsi. Mənim 57 yaşım var, gözümü açandan bu məktəbin həyətindən gedib-gəlmişik. Məktəb bərpa olunandan sonra bizə deyirlər ki, məktəb ərazisindən yol ola bilməz. Biz də aidiyyəti qurumlara müraciət etdik ki, bizim burdan başqa çıxış yolumuz yoxdur. Məktəbin 2 hektar 72 sot ərazisi var. Məktəb üçün bu qədər böyük ərazi nəyə lazımdır axı? Məktəbin ərazisindən bizə yol üçün 4 sot torpaq sahəsi versinlər, qalsın 2 hektar 68 sot ərazi. Təklif edirəm ki, məktəbin kənarından bizim yol yeri üçün torpaq sahəsi ayrılsın. Gördüyünüz bu dalanın, yəni çardağın yanından darvaza qoyulsun, oradan qardaşıma və mənə yol verilsin. Çox gəldilər getdilər, heç bir nəticəsi olmadı. İcra başçısı Mehdi Səlimzadə gəldi bura, dedi ki, bu çardağı sökün, bu vətəndaşlara yol verin. Bizim başqa yol yerimiz yoxdur, həmişə məktəbə çıxmışıq. Mənim şirə kanalımın üstünə gətirib dəmir məhəccər qoydular. Bu kanalı lildən təmizləyəndə ağır texnika necə işləyəcək axı?"
Məsələyə münasibət bildirmək üçün məktəbin ərazisinə gələn bələdiyyə sədri Məbud Məmmədov qonşuların hücumuna məruz qalıb.
Bələdiyyə sədri Məbud Məmmədov vətəndaşlara yol üçün alternativ olaraq məktəbdən kənardan, yəni başqa bir ərazidən torpaq sahəsi ayrıldığını bildirsə də, onlar bu təkliflə razılaşmayaraq həmişəki kimi məktəbin ərazisindən keçərək gediş-gəliş edəcəklərini təkid edirlər. Çıxılmaz vəziyyətdə qalan Bələdiyyə sədri təhsil ocağının yaxın vaxtda istifadəyə verilməsinə mane olan qonşuların yol probleminin həlli üçün onların istəyini nəzərə alaraq məktəbin həyətyanı sahəsindən kiçik torpaq sahəsinin ayrılması üçün Təhsil Nazirliyinə müraciət edib. O, vətəndaşların gediş-gəliş yolunun bağlanmaması üçün məktəbin kənarı ilə eni 4 metr, uzunluğu 50 metr olan torpaq sahəsinin yol üçün ayrılmasını, ondan sonra məktəbin kənarının tam hasarlanmasını və darvaza qoyulmasını istəyir: "Məktəb qapalı müəssisədir, vətəndaşların məktəb ərazisindən yol kimi istifadəsi qanunla məqsədə müvafiq deyil. Məktəbin giriş-qapısının yeri dəyişdirilərək vətəndaşlara yol verilə bilər. Bu problemin həlli üçün vaxtilə Təhsil Nazirliyinin və tikinti şirkətinin nümayəndələri ilə söhbətlər apardıq, onlar razılıq vermədi və bu məsələ hələ də açıq şəkildə qalır. Vətəndaşlara kənd bələdiyyəsi və rayon icra hakimiyyəti tərəfindən alternativ olaraq yol verilməsi üçün torpaq sahəsi təklif olunub. Lakin vətəndaşlar israrla həmin mövqeyə yaxınlaşmırlar, həmin yol yerini istəmirlər, yalnız məktəb ərazisindən istifadə etmək istəyirlər. Məktəb isə qapalı tədris müəssisədir. Bura giriş bir yerdən olmalıdır. Məktəbin hər tərəfi hasarlanmalıdır. Bu problemin həlli yalnız Təhsil Nazirliyinin qərarından asılıdır. Xahiş edirik ki, Təhsil Nazirliyi vətəndaşların bu istəyini nəzərə alaraq onlara kiçik yol yeri üçün torpaq sahəsi ayırsın. Bu problem tez həll olunar, məktəb təhvil verilər və istifadəyə verilər".
Məsələyə Təhsil Nazirliyinin də mövqeyini öyrəndik. Nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, bu ilin oktyabr ayında Göyçay Rayon İcra Hakimiyyəti Təhsil Nazirliyinə məktubla müraciət edib. Məktubda bildirilir ki, Ləkçıplaq kənd 1 saylı tam orta məktəbin həyətyanı sahəsinin tam hasarlanması qərara alınıb. Bununla əlaqədar hasarın yaxınlığında yaşayan sakinlərin gediş-gəlişi üçün yol ayrılacaq.
Şahnəzər Bəşirov
APA TV
Göyçay