Göyçayda YPX əməkdaşı 2 yaşlı uşağı ölümdən xilas edib

Göyçay rayonunda magistral avtomobil yolunun ortasında nəzarətsiz qalan azyaşlı uşaq xilas edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımının əməkdaşı, polis baş serjantı Nicat Həmidov 99-YP-807 dövlət nömrə nişanlı "KİA Sportage" markalı xidməti avtomobillə hərəkətdə olarkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qəflətən qaçaraq avtomobillərin qarşısına çıxan 2 yaşlı uşağı ölümdən xilas edib.

Məlumata görə, səhər saat 07:00 radələrində Qarabaqqal kənd sakini, 2018-ci il təvəllüdlü Hüseyn Quliyev valideynlərindən xəbərsiz evdən çıxaraq magistral avtomobil yoluna tərəf qaçıb. Göyçay rayon sakini olan YPX əməkdaşı Nicat Həmidov azyaşlı uşağı yolda sürətlə hərəkət edən avtomobillərdən qorumaq üçün operativ tədbir görüb, xidməti avtomobillə yolu kəsib, qarşıdan və arxadan gələn avtomobilləri xəbərdarlıq işarəsi ilə saxlayıb. Nicat Həmidov uşağı yolun ortasından götürərək yaşadığı evə aparıb və valideynlərinə təhvil verib.

Müəllif | Apa.Tv
Apa.tv