Göyçayın bu kəndində içməyə bir damcı su yoxdur
Göyçay rayonunun Çərəkə kəndinin əhalisi kükürdlü su ilə dolanır. O suyu əldə etmək isə başqa bir macəradır.
Kənd camaatı suyu ya rayon mərkəzindən, yada qonşu kəndlərdən gətirirlər. Bir ayda suya 100 manata qədər pul xərcləyən camaat deyir ki, hər dəfə bir qab sudan ötrü km-lərlə yol qət eləməli olurlar.
Əvvəllər kənddə bir neçə artezian quyusu olub. Lakin zaman keçdikcə quyular istismar dövrünü başa vurub, 15 ildən artıqdır ki, quruyub. Hazırda 5 min nəfərdən çox əhalisi olan kənddə bircə artezian quyusu qalıb.
Sakinlər deyir ki, ən acınacaqlı vəziyyət yay aylarında yaşanır. Kəndə içmək üçün bir damcı su tapa bilmirlər.
Məsələ ilə bağlı kənd icra nümayəndəsi Tehran Adıgözəlov bildirdi ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.
Mövcud vəziyyətlə bağlı “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyətindən şifahi olaraq bildirildi ki, adıçəkilən artezian quyuları idarənin balansında deyil və hazırda həmin quyular istismar müddətini başa vurub.
Bu açıqlamadan sonra “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən kənd də içməli su ilə bağlı problem yaşanan kəndlərin siyahısına salınıb, Çərəkədə içməli su təchizatı sistemlərinin yaxşılaşdırılması ilə bağlı təkliflər verilib. Yaxın zamanda problemin köklü şəkildə həlli tapılacaq.