Göyçayın Ləkçıplaq kəndində 17 şəhidin xatirəsinə "İgidlər Parkı" salınıb
Göyçay rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün daha bir nümunəvi addım atılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini olan iş adamı Eldəniz Mustafayev Ləkçıplaq kəndinin mərkəzində, Göyçay-Cəyirli-Bəydövül yolunun kənarında "İgidlər Parkı" saldırıb. Yüz metr uzunluğu olan parkda 17 şəhidin şəkillərindən ibarət guşələr yaradılıb, oturacaqlar və gecə işıqlandırma sistemi quraşdırılıb, ağac və gül kolları əkilib, ətrafda abadlıq işləri görülüb. Park Azərbaycan və Türkiyə bayraqları ilə bəzənib.
Həmçinin, quraşdırılan monitor vasitəsilə həmin kənddən olan şəhidlərin, qazilərin və müharibə iştirakçılarının şəkilləri nümayiş olunur.
"İgidlər Parkı"nın açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub. Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, kənd sakinləri çıxış edib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün görülən bu cür xeyirxah işləri yüksək qiymətləndiriblər.
Məlumat verilib ki, ümumilikdə Qarabağ uğrunda döyüşlərdə Ləkçıplaq kəndi 17 şəhid verib. Onlardan 3-ü Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. Kənddən 99 nəfər gənc Vətən Müharibəsində iştirak edib, onlardan 9-u yaralanıb.
Sonra məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Şahnəzər Bəşirov,
APA TV