Göygöldə karantin qaydalarını pozan şəxslər cərimələndi
Göygöl rayon polis şöbəsinin əməkdaşları koronovirus pandemiyası ilə əlaqədar olaraq qoruyucu vasitələrdən istifadə ilə bağlı yoxlamalarını davam etdirir.
APA TV-nin yerli bürosunun məlumatına görə, COVID-19-la bağlı keçirilən növbəti reydlər zamanı sakinlərin tibbi maskalardan istifadəsi, sosial məsafənin gözlənilməsinin zəruriliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, aparılan monitorinqlər zamanı əksər rayon sakinlərinin qaydalara riayət etdiyi müşahidə olunub: “Bütün bunlara baxmayaraq polis əməkdaşları tərəfindən karantin şərtlərinin pozulması faktı da aşkarlanır. Polis əməkdaşları dərhal həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görür”.
Aşkar edilən nöqsanlara görə, məsuliyyət daşıyan şəxslər cərimələnib. Qoruyucu vasitədən istifadə etməyənlər arasında rəhbər şəxslər də olub.
Rayonda reydlər və maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.