Göygöldə polis koronavirusla bağlı reyd keçirdi

Göygöl rayonunda koronovirus infeksiyasının yayılmasının qarşısını almaq üçün polis əməkdaşları profilaktik tədbirləri davam etdirir.


APA TV-nin qərb bürosunun xəbərinə görə, asayiş keşikçiləri açıq və qapalı məkanlarda tibbi maskalardan istifadəyə nəzarət edir. 


Görülən tədbirlərə baxmayaraq, bir çox vətəndaşların hələ də virus təhlükəsindən çəkinmədiyi müşahidə olunur. 


Əksər vətəndaşlar tibbi maskadan istifadə etməmələrinə səbəb kimi tütün məmulatları qəbul etdiklərini əsas gətiriblər. Market və mağazalarda əksər satıcı və müştərilərin qoruyucu vasitələrdən istifadəsi təqdirəlayiq olsa da, sosial məsafənin qorunmadığı məlum olub. 


Göygöl Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin də iştirak etdiyi yoxlamalar zamanı ət və ət məhsullarının satış köşklərinə də baxış keçirilib, bir sıra qüsurlar aşkarlanıb. Bəzi satıcıların yalnız polisi gördükdən sonra tibbi maskadan istifadə etdiyi diqqətdən yayınmayıb.  


Yoxlamalar zamanı xüsusi karantin rejiminin tələblərinə əməl etməyən, xüsusilə də tibbi maskadan yararlanmayan şəxslər cərimələniblər. 


Ümumilikdə gün ərzində Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları 10 şəxs barəsində inzibati protokol tərtib edib. Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv