Göygöldə “VAZ-2107” ilə avtoxuliqanlıq edən sürücü yaxalandı
Göygöldə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “VAZ-2107” ilə avtoxuliqanlıq edən, eləcə də yol polisinə tabe olmayan 18 yaşlı Səfər Mürsəlovu yaxalayıb.
Göygöl rayon Dövlət Yol Polis Bölməsinin rəisi Həmin şəxs idarə etdiyi avtomobillə birgə saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilib: “Sürücü avtoxuliqanlıq etdiyi üçün saxla işarəsi verilib. Lakin sürücü saxla işarəsinə məhəl qoymayaraq hadisə yerindən yayınmışdı. Sonra mobil telefon vasitəsi ilə etdiyi avtoxuliqanlıq hərəkətlərini sosial şəbəkədə paylaşıb. Sonradan sürücü müəyyən edilərək, Dövlət Yol Polisi bölməsinə gətirilib”.
Aparılan araşdırmalar zamanı o da müəyyən edilib ki, Səfər Mürsəlovun avtomobil idarə etməsi üçün sürücülük hüququ belə yoxdur. Sürücü ilə aparılan profilaktiki söhbətlərdən sonra Səfər Mürsəlov əməlinə görə peşman olduğunu və bir daha eyni əməli təkrarlamayacağını bildirib. “Avtoxuliqanlıq etdim. Sənədlərim yoxdur. İstəmərəm kimsə o hərəkətləri etsin. Elədiyim hərəkətlər səhvdir. Səhvimi başa düşürəm, buna görə də peşmanam”.
Səfər Mürsəlov barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.