Göygöldə Vətən Müharibəsinin qazisi coşqu ilə qarşılanıb

Göygöldə Vətən Müharibəsində qəhrəmancasına döyüşərək yaralanan qazinin təntənəli qarşılanma mərasimi keçirilib.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, 44 günlük müharibənin iştirakçısı İnqilab Rüstəmov müalicə aldığı hospitaldan doğulduğu Topalhəsənli kəndinə qayıdıb.

 

Qarşılanma mərasimində onun ailəsi, dostları, qohumları 1-ci və 2-ci Qarabağ müharibəsinin qaziləri iştirak edib. I Qarabağ Müharibəsinin qazisi Araz Abbasov müharibədən qayıdan bütün qaziləri bu formada qarşıladıqlarını bildirib: “Mən burdan Azərbaycan xalqına deyirəm ki, gözümüz aydın, torpaqlarımız azad oldu”.

 

Yaşadığı evin qarşısında bayraqla qarşılanan qazinin gəlişi münasibətilə qurban kəsilib. İki övlad atası olan İnqilab Rüstəmov sentyabrın 28-də Murovdağ-Kəlbəcər istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanıb: “Yaralandım Kəlbəcər istiqamətində. Bir gördüyüm elə Kəlbəcər oldu, müharibənin ikinci günü bizi yaraladılar. 120 mm-lik minomyot qəlpələr idi. Atışmanın səsindən heç bilmək olmurdu başımıza düşən nədir. O qədər öyrənmişdik ki, atırdılar, elə bilirdik heç nədir. Qorxmurduq”.

 

30 yaşlı qazinin bədənində hələ də qəlpə var. Gözlərində isə 20 dən artıq qəlpə gəzdirdiyi üçün hər ki gözü zəif görür: “Ən çox baş nahiyəmdə. İki gözümdür, üzümün sağ tərəfində və burnumun qırağında qəlpəylə gəzirəm. Çənəmin altında, onurğa sümüyümün içində, sağ və sol gözümün hər ikisində qəlpə var. 20 dənədir, hər iki gözümün qarasında. Onlar ömürlükdür”.

 

İnqilab Rüstəmov deyir ki, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə nəticələnib: “Allah şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə şəfa diləyirəm. Allah hamısını ailəsinə qovuşdursun. Sağ olsun Ali Baş Komandan, biz bu qələbəni çoxdan gözləyirdik”.

 

Anası Rəna xanım övladı ilə fəxr edir: “İnqilabın yaralandığını eşidəndə elə bildim həyatdan köçmüşəm. Nə deyim, yenə Vətən sağ olsun. Balam iki gözündən, canından, sağlamlığından oldu, vətən üçün oldu. Fəxr edirəm ki, belə bala böyütmüşəm”.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə İnqilab Rüstəmov “Hərbi xidmətlərə” görə medalı ilə təltif edilib.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Göygöl

Müəllif | Apa.Tv
Apa.tv