Gözlərini Vətənə qurban verənlər - REPORTAJ
Onlar Vətən Müharibəsinin şanlı səhifəsinə adlarını qanları və canları ilə yazıblar. Gəncdirlər, əzmlidirlər, inamlıdırlar.
İnqilab Saləddin oğlu Rüstəmovun 30 yaşı var. Sentyabrın 27-dən Kəlbəcər istiqamətində gedən döyüşlərin iştirakçısıdır. N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətini yetirərkən ağır yaralanıb: “İlk dəfə yanıma minomyot mərmisi düşdü, yaralandım. Üzümdən ciddi qəlpə yarası aldım. Buna baxmayaraq, döyüşə davam etdim. İkinci dəfə isə ayın 28-də daha ağır yaralandım. Çünki bizə intensiv atəş açdılar. Yenidən minomyot mərmisi partladı və bu dəfə gözlərim açılmadı. Qəlpə üzümü də yaralamışdı. Artıq iki dəfə əməliyyat olunmuşam. Üçüncü əməliyyatımı gözləyirəm, sağ gözümdə qəlpə qırıntıları və yad cisimlər var. Digər gözümdə qalan qəlpə isə mərkəzdədir. O, ömürlük orda qalacaq”.
Gözlərinin zəif işığı ilə yaşayacaq bundan sonra qəhrəmanımız. Cəbhə bölgəsindən təxliyə edildikdən sonra yeddi xəstəxana dəyişib və iki dəfə gözündən, iki dəfə də üzündən əməliyyat olunub. Yaralandığını ailəsinə 3 gün sonra həkimlər deyib. Ailəlidir, iki azyaşlı övlad atasıdır: “Səhər saatlarında çox intensiv atəş açmağa başladılar. Saat 7-8 arası olardı. 3 nəfər dayanmışdıq. Mən, kapitan və leytenant. Minomyot üçümüzün arasına düşdü. İki yoldaşım şəhid oldu gözlərim önündə. Mən də... 50 metr uzaqlığa qədər tullamışdı atəşin gücü”.
Suqovuşan istiqamətində yaralanan digər döyüşçümüzün 24 yaşı var. O da hazırda Tibb Cərrahiyyə Korpusunun Oftalmologiya şöbəsində müalicə alır: “Qax rayonunun Qum kəndində anadan olmuşam 1996-cı ildə. Müddətdən artıq hərbi xidmətdən döyüşlərə qatılmışam. Sentyabrın 10-dan işə başladım, 26-dan isə cəbhə bölgəsinə yollandıq. Döyüşlər çox güclü və nizamlı idi. Əvvəldən bilinirdi ki, zəfər bizim olacaq. Oktyabrın 12-də Suqovuşan istiqamətində yaralandım. Yanımda 4 nəfər vardı. İki gözüm və sifətim qəlpə yaralarından ağır vəziyyətdə idi. Gəncə hospitalına aparıldım, ordan isə Bakıya gətirdilər”.
Vüsal qismən görür, amma ümidlidir: “Qurban doktor sol gözümün qəlpələrini təmizlədi. Digər gözüm isə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda Lalə həkim tərəfindən əməliyyat olundu. Sol gözümdə görmə var, sağda, sadəcə, qaraltı. Həkimlər deyir ki, zamanla yaxşı olacaq”.
Ailədə 3 uşaqdır Vüsalgil. Müddətdən artıq hərbi qulluğa ailəsinin razılığı olmadan könüllü yazılıb. Suqovuşandan Kəlbəcərədək döyüş yolu keçən 24 yaşlı Vüsal bundan sonra da Vətənin müdafiəsinə hazır olduğunu deyir.
Tədris Cərrahiyyə Korpusunun Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov xəstələrin cari vəziyyəti barədə məlumat verib: “Şöbəyə 117 yaralı döyüşçü gətirilmişdi. Onlara ilkin cərrahi yardım və rekonstruktiv cərrahiyyə, orqan saxlayıcı əməliyyat elədik. Gözə aid arxa seqmentdən başqa bütün əməliyyatları eləmişik. Hazırda müalicəsi davam edən xəstələrimiz var. Bu döyüşçülərimiz şəfa tapana qədər, tam bərpa olunana qədər biz onların qulluğundayıq. Onlara qulluq etmək fəxarətdir. Bu qələbədə bizim də payımıza şükür edirik”.
Vətən Müharibəsinin cəsur igidlərinə sağlıqlı günlər, onların ağ xalatlı qəhrəmanlarına yorulmaz fəaliyyətlərində uğurlar diləyi ilə!