Gözünü itirən qazi: “Əməliyyatdan sonra 20 faiz görməyə başlamışam”

"YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə həkim nümayəndə heyəti gəlib.

 

APA TV-nin xəbərinə görə, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.

 

O bildirib ki, 5 gündür Azərbaycanda olan 8 nəfərlik israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi hazırda davam edir: "Bu müddət ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28-nə kosmetik protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq. Qazilərimiz onlara göstərilən xidmətdən razıdırlar və əməliyyatlar uğurla həyata keçirilir".

 

Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Ruhəngiz Balayeva deyir ki, bu protezlər ömürlükdür: “Burda bir sıra qazilərə protezləşmə aparılır. Bu ömürlükdür. Amma bir sıra protezlər var ki, onlar bir neçə illikdir. Hər 3 ildən bir dəyişilməlidir. Bu protezlər də İsraildən xüsusi olaraq qazilərimiz üçün gətirilib”.

 

Qazilərimzi müayinə və əməliyyat edən israilli həkimlər də ölkəmizdə olmaqdan məmnundurlar.

 

Həkim Yişay Falik ehtiyacı olan hər bir qaziyə kömək etməyə çalışdıqlarını deyir: “Biz humanitar yardım çərçivəsində sizin qazilərinizə dəstək olmağa çalışırıq. Qısa müddət ərzində bir çox qazi müayinədən keçib. Onların əksəriyyəti həm İsraildə istehsal olunan kosmetik protezlərlə, həm də müəyyən oftalmologiya sahəsi üzrə göz əməliyyatları icra etmişik. Ötən gün bizim ən ağır əməliyyatlarımızdan biri oldu. Həmin qazinin hazırda vəziyyəti yaxşıdır. Hazırda 20 faiz görmə qabiliyyəti bərpa olunub. Ümid edirəm ki, burda olduğumuz müddətdə ehtiyacı olan hər bir qazini biz müayinə edib, köməklik göstərə biləcəyik”.

 

Əslən Füzuli rayonundan olan 23 yaşı Vətən Müharibəsi iştirakçısı Arif Hacıyev əməliyyat olunan qazilərdən biridir. Oktyabrın 21-də Füzuli istiqamətində düşmənin əks-hücumunun qarşısını alarkən ağır yaralanıb. Hazırda israilli həkimlər tərəfindən qazinin gözünün içərisinə okulyar linza yerləşdirilib və israilli donordan yeni transplantasiya edilmiş göz bəbəyi köçürülüb. Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itsə də, uğurlu əməliyyat nəticəsində həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib: “Döyüş yoldaşlarımla birlikdə mən minomyot qəlpəsindən qolumdan, ayağımdan və gözümdən yaralanmışam. Hazırda “YAŞAT” Fondunun və ölkə rəhbərliyinin köməyi və dəstəyi ilə əməliyyat olunmuşam. Hazırda vəziyyətim yaxşıdır. Bunun üçün mən “YAŞAT” Fondunun rəhbərliyinə, Ali Baş Komandan, cənab İlham Əliyevə və “YAŞAT” Fondunu var edən xalqıma minnətdaram”.

 

18 yaşlı Sərxan Nərimanlı da Vətən Müharibəsində 29 gün döyüşərək şücaət göstərən igidlərimizdəndir. Füzulidən başlayan döyüş yolu daha sonra Qubadlı, Cəbrayıl və Xocavənd istiqamətində davam edib. Xocavənddə ağır yaralanan Sərxan bir müddət hospitalda müalicə aldıqdan sonra evə buraxılıb və bu günlərdə  akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində əməliyyat olunub: “Sağ gözümdən, ayağımdan, qolumdan yaralandım. Dünən əməliyyat olundum, gözümün qapağını götürdülər. Bir neçə günə protez göz də quraşdırılacaq. Mən bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm”.

 

Qeyd edək ki, ötən dövr ərzində Türkiyədən də bir qrup həkim Azərbaycana gəlib. Türkiyəli həkimlər tərəfindən 154 qazimiz müayinə olunub və onların nəticələri dəyərləndirilir. Ümumilikdə 24 qazimiz müayinə və müalicəsinin davam etdirilməsi üçün Türkiyəyə yola salınıb. Artıq bir neçə qazimizin əməliyyatı uğurla həyata keçirilib. Yaxın günlərdə onlar müalicələrini başa vuraraq geri qayıdacaqlar.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv