Gübrə sürətlə bahalaşır: Azərbaycana necə təsir göstərəcək?

Dünya bazarında gübrələrin qiyməti kəskin artıb.


Fermerlərin APA TV-yə bildirdiklərinə görə, gübrələrin hazırlanmasında istifadə edilən maddənin, xüsusilə ammiakın bahalaşması kənd təsərrüfatı sahəsinə mənfi təsir göstərməkdədir.

 

Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının sədri Əbdülhüseyn Abdullayev deyir ki, pandemiya, ekstremal hava şəraiti, zavodların bağlanması, təbii qazın qiymətinin artması gübrə sahəsində problemlərə və qiymət artımına təsir göstərir: ”Qarışıq gübrələr Avropa və Türkiyədən gətirilir. Demək olar ki, 25-30%-lik artım müşahidə edilir. Bu isə qarşıdakı aylarda qiymətlərin daha da artmasını istisna etmir”.


Sədr qeyd edib ki, gübrələrin bahalaşması istehsalçılara mənfi təsir göstərir. Buna baxmayaraq, Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə subsidiyaların ayrılması maliyyənin bir qismini qarşılamağa imkan verir. Ancaq bu da bahalaşmanın mənfi təsirlərini aradan qaldırmaqda yetərli deyil.


İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda istehsal olunan gübrələr daxili bazarın təlabatı ödəmədiyi üçün, Rusiya, İran, Ukraynadan gübrə idxal etməyə məcburuq: ”Rusiya yaxın günlərdə satışda olan gübrələrin ixrac rüsumun artırdı. Buna səbəb daxili bazarını qorumaq idi. Səbəb isə xaricə satışı az olsun, daxili bazarda qalsın həmin məhsullar. Təbii ki, bunun Azərbaycana da təsiri olacaq. Aqrar sahədə kənd təsərrüfatı məhsullarının bahalaşmasını da müşahidə edəcəyik. Təbii olaraq, bu zaman subsidiyalar da artmalıdır”.


Ekspert deyir ki, problemin çıxış yolu, ölkədə gübrə istehsalını artırmaq və subsidiyaların həcmin çoxaltmaqdır.


Qeyd edək ki, 2021-ci ildə "Amofos" 430 dollara, "Karbamod" 270 dollara, 34 faizli "Selitra" 180-190 dollara olub. Bu gün artıq gübrə qiymətlərində ilin əvvəli ilə müqayisədə 15-20%, bəzi gübrələrdə 40% artım müşahidə edilir.


Semral Cavad

APA TV

Müəllif | Apa.Tv
Apa.tv