Güclü külək ağacları aşırdı, bir avtomobilə ziyan dəydi - ŞİRVANDA
Şirvanda küləkli hava bir sıra fəsadlar törədib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda yağışlı və küləkli hava şəraiti ağacların aşmasına səbəb olub. Dəmir yolu keçidinin yaxınlığında iri gövdəli ağac “Hyundai” markalı avtomobilin üzərinə aşıb. Hadisə yerinə Şirvan Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Xüsusi avadanlığın köməyi ilə ağac qaldırılıb və avtomobil ağacın altından çıxarılıb. Avtomobilə ciddi ziyan dəysə də xəsarət alan olmayıb. Bir müddət yolda tıxac yaranıb.
Küləkli hava şəraiti şəhərin digər ərazilərində də fəsadlar törədib.
Şəhərin kommunal təsərrüfat və yaşıllaşdırma idarələrinin əməkdaşları fəsadların aradan qaldırılması üçün səfərbər olublar.