Güclü külək binanın dam örtüyünü uçurdu, 5 maşına zərər dəydi

Güclü külək və leysan şimal-qərb bölgəsində bir sıra fəsadlar törədib. Ötən gün axşam saatlarından başlayaraq bölgədə hava şəraiti kəskin şəkildə pisləşib, güclü külək əsib, leysan yağıb. Güclü külək səbəbindən Balakən, Zaqatala və Qax rayonları ərazisində ağaclar aşıb, elektrik və rabitə dirəkləri yıxılıb. Bu səbəbdən rayonlara elektrik enerjisinin və rabitənin verilməsində fasilələr yaranıb. Şəki şəhəri Sabit Rəhman küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində qoparaq avtomobillərin üzərinə düşüb. Dam örtüyü ərazidə olan 5 avtomobilə ciddi ziyan vurub. Leysan yağışları səbəbindən çaylarda suyun səviyyəsi qalxıb. Qax rayonunun Kürmük çayından sel keçməsi səbəbindən ərazidən keçən yeraltı optik rabitə xətti zədələnib. Xəttin zədələnməsi Qax, Zaqatala və Balakən rayonlarına internetin verilişinin dayandırılmasına səbəb olub. Hazırda müvafiq qurumlar ərazidə yaranan problemin aradan qaldırılması istiqamətində işlər aparır. Yaxın saatlarda bölgəyə internetin verilişi bərpa ediləcək. Leysan yağışları səbəbindən Zaqatala rayonu Muxax və Zəyəm kəndlərinin kənd daxili yollarından qısa müddətli sel keçib, bəzi təsərrüfatlara ziyan dəyib. Muxax və Zəyəm kəndlərini birləşdirən çay üzərindəki körpü qismən qəzalı vəziyyətə düşüb. Gecə saatlarından aidiyyəti qurumlar ərazilərə ezam edilib, fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv