Güclü külək damları uçurdu, ağacları qırdı, hər yer zülmətə büründü

Ötən gün günün ikinci yarısından başlayaraq əsən güclü külək Tərtər, Ağdam və Bərdə rayonlarında bəzi fəsadlara yol açıb.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, külək iri gövdəli ağaclar aşırıb, fərdi evlərin və yardımçı tikililərin dam örtüklərini atıb, elektrik təsərrüfatına da ziyan dəyib.

Sözügedən rayonların bəzi yaşayış məntəqələrində gecə boyu elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Küləyin qırdığı ağaclardan biri şəhərin mərkəzi küçəsində yaşayan Elşən Atayevin evinin üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Güclü külək Ağdamda da fəsadsız ötüşməyib. Ağaclar qırılıb, dirəklər aşıb, elektrik enerjisinin verilməyində fasilələr yaranıb. Zərərçəkənlərdən biri də, qəsəbə sakini  Ədalət Quliyevdir. Külək ona məxsus ticarət obyektinin dam örtüyünü uçurdub. Nəticədə sahibkara külli miqdarda zərər dəyib.

Rayonun Orta Qərvənd kəndində isə külək mal tövləsinin beton dirəklərini Məmişov Şaiq Aydın oğlunun üzərinə aşırıb. Ayağı sınan 47 yaşlı Şaiq Məmişov Ağdam Rayon Mərkəzi Xəsgtəxanasına yerləşdirilib.

Külək Quzanlı qəsəbə sakini Haqverdi Məmmədovun isə çardağını uçurdub. 

Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır. 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv