Güclü külək istixanaları dağıtdı – AĞDAMLI SAHİBKAR KÖMƏKSİZ QALIB

Ağdamda bir neçə gün öncə əsən güclü külək rayon sakini Nadir Əliyevin istixanalarını məhv edib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Gül Baharlı kəndində baş verib.

 

Ağdamdan məcburi köçkün düşən Nadir Əliyev deyir ki, Bakıda 25 il işləyərək qazandığı vəsaiti bu istixanaların hazırlanmasına xərcləyib. Lakin üç gün öncə əsən güclü külək onun quraşdırdığı istixanaları məhv edib:

 

“Nə gücüm vardı, çalışdım, qasırğanın qarşısını ala bilmədim. Bu külək deyildi, bu qasırğa idi. Bütün işçilərim də çalışdı, saat 10:00-dan axşam 19:00-dək çalışdıq, amma qarşısını ala bilmədik. Külək nəyim vardı, apardı. Bunu mənim yenidən düzəltməyimə gücüm çatmır artıq”.

 

Onun sözlərinə görə, bir hektar torpaq sahəsində 2 illik zəhmət və 170 min manat vəsait hesabına başa gələn istixanalarda tərəvəz bitkiləri becərib. Üstünlüyü isə xiyar bitkisinə verib. Rayonun bu məhsula olan bütün tələbatını qısa müddətdə qarşılaya bilib. Bundan başqa, kənd təsərrüfatı sərgilərinə də qatılıb. Gələcək planlarında təsərrüfatı böyütmək olsa da, bu arzusu yarımçıq qalıb.

 

 “Bütün dost-tanışdan, bankdan götürdüyüm pula görə 40-42 min borcum qalıb. İndi də beləcə, əlim boşda qalıb”.

 

Sahibkar indi vəziyyətdən çıxış yolu axtarır. Bir tərəfdə yerlə-yeksan olan istixanalar,  digər tərəfdə banklara və dost-tanışlara olan borclar. İndi o, təbii fəlakətin vurduğu zərərlə bağlı qismən də olsa, dəstək gözləyir.

 

Müəllif | Apa.Tv
Apa.tv