Güclü külək Lənkəranda 20-yə yaxın kəndi işıqsız qoydu

Güclü külək Lənkəranda bir neçə kəndi işıqsız qoyub.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, gecə saatlarından güclü küləyin əsməsi nəticəsində Lənkəran şəhərində və kəndlərdə iri gövdəli çinar, polad və şam ağacları aşıb. Lənkəranın Separadi kəndində 2 evin çəpərinə ziyan dəyib. Kəskin dəyişən hava şəraitinin digər fəsadlarına gəlincə isə, işıq xətlərinə dəymiş ziyan nəticəsində gecə saatlarında şəhər ərazisində və 20-yə yaxın kənddə elektrik enerjisinin təchizatı dayandırılıb. Lakin aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülüb və bir neçə saatdan sonra elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda 1 kənddə qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir və kənd tezliklə elektrik enerjisi ilə təmin olunacaq. 

Güclü külək rabitə xətlərinə də qismən ziyan vurub. Fəsadların aradan qaldırılması istiqamətində Lənkəranda aidiyyəti qurumlar tərəfindən işlər aparılır. 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv