Güclü sel Qubada bir sıra fəsadlar törətdi

Güclü yağış nəticəsində Qudyalçay, Qaraçay, Ağçay, Vəlvələçay və Cağacıq çaylarında yaranan sel Quba rayonunda bir sıra fəsadlar törədib. 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, çaylara gələn sel rayonun Buduq, Dalıqaya, Söhüb, Çiçi, Bostankeş, Qalaxudat, Xaltan, Yerfi, Xanəgah və başqa kəndlərdə yaşayış evlərinə, fərdi təsərrfatlara və yol infrastrukturuna ciddi ziyan vurub.

Xanəgah kəndində Cağacıq çayı üzərindəki yeni avtomobil körpüləri selin təsiri səbəbindən yararsız vəziyyətə düşüb. Sel bəzi kəndlərdə iribuynuzlu heyvanları, arı yeşiklərini, ot tayalarını aparıb, bəzi istirahət mərkəzlərinə də ziyan vurub. Bundan başqa, Qaraçay üzərində Birinci və İkinci Nügədi kəndləri arasındakı körpü də qəzalı vəziyyət düşüb. Yerli sakinlər sonuncu dəfə belə güclü selin 1967-ci ildə müşahidə etdiklərini söyləyib.

Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri selin ziyan vurduğu ərazilərə baxış keçirib. Fəsadların aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.

Müəllif | Apa.Tv
Apa.tv