Günəmuzd işləyən Yevlaxlı üzümçülər niyə yardım ala bilmir?
Yevlaxda üzümçülük təsərrüfatında çalışan sakinlər qeyri-müəyyənlik içində qalıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, söhbət rayonun Ərəş kəndində üzümçülük təsərrüfatında müqavilə əsasında günəmuzd qaydada çalışan kəndlilərdən gedir.
30-dan artıq muzdlu işçi illərdir ki, kənd yaxınlığında yerləşən 100 hektarlıq üzümçülük təsərrüfatında çalışır. Onlar gördükləri işə uyğun olaraq gündəlik 8-10 manat civarında qazanc əldə edirlər. Karantin elan olunduğu andan qaydalara əməl edərək çalışdıqları təsərrüfata getmədən evdə qalıblar. Maraqlı məqam isə onların nə əmək müqaviləsi əsasında muzdlulara şamil olunan hüquqlardan, nə də müvəqqəti işsiz statusu daşıyan şəxslərə şamil olunan imtiyazlardan yararlana bilməməsidir.
Sahədə üzüm yığaraq evinə çörəkpulu aparan Sevda Əhmədova çarəsiz qaldıqlarını deyir: “Üzüm Bağında mövsümlə işləyirik. Karantin rejiminə görə evdə qalırıq. İndi bütün işçilər 190 manat yardım üçün müraciət etmişik amma adımıza əmək müqaviləsi var deyirlər sizə düşmür. İndi biz çarəsiz qalmışıq”.
Şərqiyyə Yunisova da 190 manat ala bilmədiyini bildirir: “Biz günəmuzd işçilərik. Orta hesabla 8-10 manat günə pul alırdıq. O da ilin bütün aylarında deyil müəyyən iş olan vaxtlarda. Şirkətə deyirik deyillər bizə pul ödənməyib. Sizə pul verə bilmirik. Bizdə neçə dəfə yardım üçün müraciət etmişik deyiblər əmək müqaviləniz var ona görə düşmür sizə”.
Üzüm bağında uzun illərdir çalışaraq qazanc əldə edən Hüseyn Rzayev hazırda çətin vəziyyətdə olduqlarını deyir: “Mənim üç uşağım var, ailəmi nə ilə dolandırım? Hər il bu vaxt işləyirdik. Prezident deyir ki bütün işçilərə pul ödənilməlidir. Bizə kömək edən yoxdur“.
Üzümçülük təsərrüfatının bölgə rəhbəri Nizaməddin Cabbarov APA TV-yə açıqlamasında bildirib ki, sahədə iş olan zaman işçilər işə dəvət edilir. Onlar gündəlik gördükləri işin pulunu alırlar. İş yoxdursa, sahəyə çağırılmırlar. Evdə qaldıqları zaman onlara ödənməli olan vəsaitə gəlincə, bununla bağlı hələ ki üzümçülük təsərrüfatına hər hansı vəsait ödənilməyib. Kəndlilər isə onlara şamil olunacaq dövlətin uyğun imtiyazlarından yararlana biləcəkləri günü gözləyirlər.
Yaranmış problemlə bağlı Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, sakinlərin şikayəti Nazirliyin müvafiq şöbəsi tərəfindən nəzarətə götürülüb. Hazırda araşdırma aparılır.
Ehtiram Muradov
İlahə Vəliyeva
APA TV