Gürcüstan MSK: Qısa zamanda seçkiyə bu cür hazırlanmaq təqdirəlayiqdir

“Qısa bir dövr ərzində seçki prosesinin bu cür hazırlanması çox təqdirəlayiqdir”. 

 

APA TV xəbər verir ki, bunu Azərbaycanda seçki prosesini izləyən Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədr müavini Georgi Şarabidze deyib. 

 

O bildirib ki, onlar 5 nəfərdən ibarət missiya ilə Bakının müxtəlif rayonlarında təqribən 10 məntəqədə müşahidələr aparıb: “Səsvermədən bir gün öncə Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə görüşlər keçirmişik. Bakı şəhərinin bir neçə seçki məntəqəsində müşahidələr aparmışıq. Bütün seçki məntəqələri göstərilən vaxtda açılmışdı. Eyni zamanda bütün hazırlıq işləri bu ana qədər həyata keçirilmişdi”.

 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının İnsan Resursları üzrə nümayəndəsi Georgi Kalandarişvili isə bildirib ki, müşahidə apardıqları məntəqələri üzləri seçiblər: “Biz müşahidələr apardığımız dairələrdə mümkün qədər öz fəaliyyətimizi genişləndirməyə çalışmışıq. Xüsusilə qeyd edim ki, müşahidə apardığımız seçki məntəqələrini özümüz seçmişdik. Bu da prosesin şəffaflığının göstəricilərindən biridir. Seçki məntəqələrini həm daxildən, həm də xaricdən izləmişik. Bu zaman hər hansı kənar və süni yaradılmış müdaxilələrə rast gəlmədik”.

 

Gürcüstandan olan müşahidəçilər sağlamlıq məhdudiyyəti olan insanların səsverməsi üçün yaradılan şəraitdən də razı qaldıqlarını bildiriblər.

Müəllif | Apa.Tv
Apa.tv