Gürcüstanda qalan Azərbaycan vətəndaşlarının təxliyəsinə başlanılıb
COVID-19 pandemiyasına görə Gürcüstan-Azərbaycan sərhədinin bağlanmasından sonra qonşu ölkədə qalan soydaşlarımızın təxliyəsinə başlanılıb.
APA TV-nin Gürcüstan bürosunun məlumatına görə, bu gün həyata keçirilən birinci mərhələdə 178 nəfərin ölkəyə qayıdışı baş tutub. Onların arasında yaşlılar, qadınlar və uşaqlar üstünlük təşkil edib.
Təxliyə edilən şəxslər ötən gün Tbilisidəki Azərbaycan səfirliyində COVID-19 testindən keçiriliblər. Bütün testlərin cavabı neqativ çıxdıqdan sonra təxliyə prosesinə başlanılıb. Bu gün saat 11:00 radələrində səfirliyin binasının qarşısından üç xüsusi avtobusla həmvətənlərimiz Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriliblər.
Azərbaycanın Tbilisidəki Konsulu Ramel Lətifov APA TV-yə açıqlamasında bildirib ki, təxliyə prosesi növbəti günlərdə də davam etdiriləcək.
Sərhədlərin bağlanması ilə əlaqədar olaraq Gürcüstanda qalmaq məcburiyyətində qalan Azərbaycan vətəndaşlarını Dövlət Neft Şirkəti qalmaq üçün yerlə təmin edib. Şirkət eyni zamanda təxliyə prosesinin əsas maliyyə yükünü də öz üzərinə götürüb.
Qeyd edək ki, soydaşlarımızın Gürcüstandan təxliyə prosesi gələn həftə də davam etdiriləcək. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə bu vaxtadək 300-dən çox vətəndaşımızın vətənə qayıdışı təmin edilib.