Gürcüstandan gələn din xadimləri Ağdama səfər edib

Gürcüstanda yaşayan 38 müsəlman din xadiminin Ağdama səfəri başa çatıb. APA-nın yerli bürosu xəbər verir ki, din xadimləri əvvəlcə rayonunun Ağdamkənd kəndində olub.  Burada ermənilərin viran qoyduğu kəndlər barədə məlumat verilib, ermənilərin bütün yaşayış məntəqələrini minaladığı diqqətə çatdırılıb.

 

Din xadimləri Ağdam şəhərinin qalıqlarına baxdıqdan sonra Pənahəli xanın imarətində olub. Qonaqlara ermənilərin işğal müddətində bütün tarixi, dini və mədəni obyektləri tamamilə talan edib, xarabalığa çevirdikləri barədə məlumat verilib. Gürcüstandan gələn din xadimləri daha sonra Ağdam Dram Teatrının, Ağdam Çörək Muzeyinin qalıqlarını öz gözləri ilə görüb, ermənilərin dağıtdığı Ağdam Cümə məscidində aparılan bərpa işləri ilə tanış olub.

 

Qərbi Gürcüstan müsəlmanlar idarəsinin müftisi Adem Şantadze APA TV-yə açıqlamasında bildirib ki, Ağdamın hazırkı vəziyyəti, görünən mənzərə çox qorxunc və dəhşətlidir.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin sədri, şeyx Hacı Ramin İgidov isə qeyd edib ki, mədəni, dini və tarixi abidələr erməni vandallığına məruz qalıb:

Din xadimlərinə ermənilərin söküb dağıtdığı, qəbirləri təhqir olunmuş Ağdam Şəhidlər xiyabanı haqqında da məlumatlar verilib. Sonda qonaqlara yeni tikiləcək Ağdam şəhəri və ətraf yaşayış məntəqələrinin Baş planı göstərilib.

 

Qeyd edək ki, nümayəndə heyəti Ağdam şəhərindən sonra Füzuli rayonuna yola düşüb. Qonaqlar Füzulidən sonra Şuşaya gedəcək.

Müəllif | Apa.Tv
Apa.tv