Gürcüstandan olan jurnalist və blogerlər Gəncəyə səfər edib

Gürcüstandan olan media nümayəndələri və blogerlər Gəncəyə səfər ediblər.

 

APA TV-nin  yerli bürosunun məlumatına görə, onlar Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, mülki insanlara qarşı törədilən hərbi cinayətlərin nəticələri ilə tanış olublar.

 

Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər.

 

Gürcüstanlı bloger Nina Berdzenava bildirib ki, mülkin insanların, xüsusilə də uşaqların əzab, iztirab çəkməsi dünyanın heç bir yerində qəbul oluna bilməz: “Keçirdiyim hissləri, emosiyaları ifadə etməkdə çətinlik çəkirəm. Çox təəssüf ki, bu əməllərin hesabını dinc əhali ödəyir. 2008-ci ildə bizdə də müharibə oldu, bizim də dinc sakinləri bombaladılar. Lakin mən onda faciə yerinə bu qədər yaxın gedə bilməmişdim. Bu gün gördüklərimi isə heç vaxt unutmayacam, tez-tez xatırlayacam. Burda həlak olan insanların xatirəsini yad edirik. Ümid edirik ki, bunlar bir daha təkrarlanmayacaq”.

 

 

Qonaqlara cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə raket atılması nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.

 

Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüb.

 

Müəllif | Apa.Tv
Apa.tv