“Güzəştli mənzil” alanlara güzəşt edilmədi - NƏTİCƏLƏR LƏĞV OLUNDU - APA TV

“Güzəştli mənzil” sistemi vasitəsilə martın 30-da keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib.

 

APA TV xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi birgə məlumat yayıb.

 

Xəbərdə deyilir: “Məlumat verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin martın 30-da güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılıblar.

 

Araşdırmalarla təsbit edilib ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar.

 

Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək. Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək".

 

Müəllif | Apa.Tv
Apa.tv