“Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər tutuldu - HACIQABULDA

Hacıqabulda “Hacı”, “Kərbəlayi” və “Şirinbala” ləqəbli narkotacirlər saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş 1990-cı il təvəllüdlü Alim Qasımov saxlanılaraq üzərinə baxış keçirilib. Bu zaman ondan bir bükümdə heroin aşkar edilərək götürülüb.

Məlum olub ki, narkotik vasitəni ona əvvəllər Rusiya və Azərbaycanda məhkum olunan, Hacıqabul şəhər sakini, kriminal dairələrdə “Şirinbala” ləqəbi ilə tanınan 1986-cı il təvəllüdlü Faiq Səmədov satıb.

Faiq Səmədova narkotik vasitəni isə yas məclislərində mollalıq edən “Kərbəlayi Valeh” kimi tanınan, əvvəllər məhkum olunmuş Hacıqabul şəhər sakini, 1974-cü il təvəllüdlü Valeh Vəliyev satıb. Sonuncunun üzərinə baxış keçirilən zaman ondan 32,332 qram heroin, 4,044 qram metamfetamin və üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Valeh Vəliyevə narkotik vasitələri isə Şirvan şəhər sakini, əvvəllər Rusiya federasiyasında məhkum olunan kriminal dairələrdə “Hacı” ləqəbi ilə tanınan 1971-ci il təvəllüdlü Fərrux Məmmədov 360 manata satıb. Sonuncu saxlanılarkən onun da üzərindən heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv