Hacıqabulda evini tərk edən koronavirus xəstəsi barədə cinayət işi açıldı

 

Hacıqabulda yaşayış yerini tərk edən koronavirus xəstəsi olan qadın barəsində cinayət işi açılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinə testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş şəhər sakini, Məleykə Hasanbek qızı Qasımova yaşadığı ünvanı özbaşına tərk edərək aptek və şəhər bazarında olub.

 

Bu zaman adı çəkilən şəxs epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyub. Toplanılan materiallar əsasında M.Qasımova barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi açılıb.

 

Digər tədbirlər çərçivəsində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları Hacıqabul rayon mərkəzi xəstəxanasının həkim briqadası ilə birgə reydlər zamanı COVID-19 virusuna yoluxan Hacıqabul rayon Kolanı kənd sakini, 1979-cu il təvəllüdlü Əli Nədirağa oğlu İsmayılov yaşadığı ünvanda aşkar edilməyib. Həmin şəxs tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb və onunla profilaktik söhbət aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv