Hacıqabulda kabel oğruları yaxalandı
Hacıqabulda elektrik xətlərini kəsib oğurlayan 2 nəfər saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, oğurluq hadisəsi noyabrın 12-də gecə saatlarında Hacıqabul rayonu Ağacanlı kəndi ərazisində yerləşən Şirvan sakini Elşən Məlikova məxsus fermada baş verib.
Ferma sahibi ona məxsus təsərrüfatdan fəaliyyətdə olan elektrik xətlərini kəsməklə 1720 metr uzunluqda alüminium elektrik kabelinin oğurlanması barədə DİN-in “102” xidmətinə müraciət edib.
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini, 1986-cı il təvəllüdlü İlham Cəlal oğlu Fərəcov və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Müşfiq Əhməd oğlu Şirinov polis tərəfindən saxlanılıb. Oğurlanan kabellər maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.