Hacıqabulda kompleks mülki müdafiə təlimi keçirilib

"Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində 26-28 sentyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

 

APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib.

 

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanları əməkdaşlarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal edilən fövqəladə hadisələrlə əlaqədar mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi olub.

 

Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

Kompleks təlimə Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Hacıqabul rayon Polis şöbəsinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 270 nəfər şəxsi heyəti və 45 ədəd texnikası cəlb edilib.

 

 

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv