Hacıqabulda polis koronavirusa yoluxan şəxslərin evinə baxış keçirib
Hacıqabulda Rayon Polis Şöbəsinin əməkdaşları Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası ilə birlikdə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərlə bağlı reyd keçirib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, reyd zamanı məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini, 1972-ci il təvəllüdlü Elşən Məzahir oğlu Əhmədov yaşadığı Xətai küçəsi, ev 6 ünvanını özbaşına tərk edərək epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozub, bununla da digər şəxslərin COVID-19 virusuna yoluxmasına risklər yaradıb. Toplanılan materiallar əsasında E.Əhmədov barəsində cinayət işi açılıb.
Reyd zamanı testinin nəticəsi pozitiv çıxan rayonun Abdulabad kənd sakinləri - 1971-ci il təvəllüdlü Məmmədəli İmanverdi oğlu Səmədov və 1971-ci il təvəllüdlü Könül Əlifağa qızı Səmədova, H.Həmidov küçəsi-179 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Mərdan Sahib oğlu İbrahimov və 1-ci Udulu kənd sakini, 1960-cı il təvəllüdlü Azadxan Əlimusa oğlu Zülfəliyevin yaşadıqları ünvanları tərk etdikləri məlum olub. adı çəkilən şəxslər barəsində araşdırma aparılır.