Hadisə yerində keçinən 7 yaşlı uşaq avtomobili idarə edən sürücünün övladı imiş

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı sakini, 1980-ci il təvəllüdlü Məmmədova Həlimə Rafiz qızının idarə etdiyi 99 NR 642 dövlət nömrə nişanlı,“Nissan” markalı  avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sürcünün  oğlu 7 yaşlı Məmmədov Emil Elməddin oğlu hadisə yerində ölüb. Sürücü və avtomobildə olan digər sərnişin Bakı sakini, Əliyeva  Xəyalə Arzu qızı  ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv