Hakerlər elan saytları adından vətəndaşları necə soyur?
Azərbaycanda elan saytları vasitəsilə son vaxtlar yeni dələduzluq üsulu yayılıb. Zərərçəkənlər kart hesablarından fırıldaqçılar tərəfindən vəsait çəkildiyini bildirirlər. Belə ki, elan saytlarında satışa qoyulan əşyaları almaq üçün satan şəxsə xarici nömrələrdən mesajlar gəlir. Müəyyən bir link daxil edilir və kart məlumatlarını istəyir. Daha sonra isə qeyd olunan məlumatlar əsasında kartdan pul çəkilir. Mütəxəssis Elvin Abbasov bu cür fırıldaqçıların qurbanı olmamaq üçün naməlum şəxslərdən gələn şübhəli linklərə daxil olmamağı, eləcə də şəxsi məlumatları ora daxil etməməyi tövsiyə edir. Bəs kartda balans olmadıqda hər hansısa vəsait çıxa bilərmi? Bu cür dələduzluq halları ilə qarşılaşdıqda nə etməliyik? İlk növbədə, bankınızla əlaqə saxlamağınızı, kart saxtakarlığı barədə xəbərdar etməyiniz və kartı dəyişdirməyiniz məsləhət görülür. Müətəxəssislər belə əməllərə qarşı ehtiyatlı olmağa, hesab nömrəsindən başqa digər məlumatların heç kimə verilməməsini məsləhət görürlər. Ümumiyyətlə, bank kartı istifadə edənlər ən azı bilməlidirlər ki, hesaba ödənişlə, hesabdan ödənişə fərqli kodlar tələb olunur. Ekspertlər kart hesabları üçün bankdan 3D təhlükəsizlik kodu almağı və heç kimlə bölüşməməyi, görmədiyiniz adama məhsul satmamağı, WhatsApp və zəng ilə sizinlə əlaqəyə keçənlərə kart məlumatlarınızı verməməyi, o cümlədən alıcıya şəxsiyyət vəsiqənizi göndərməməyi məsləhət görür.
AYGÜN CARÇIYEVA, KAMRAN NAMAZOV, APA TV