11:30 24 noyabr 2022 75
Ana səhifə Xəbərlər

Hakim İlkin Süleymanova NƏLƏR DEDİ?

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsinin yerində yoxlanılması ilə bağlı tərəflərin suallarını cavablandırıb.

 

Müdafiə tərəfi ifadənin yerində yoxlanılmasına aparılan zaman İlkinin təzyiqlərə məruz qalıb-qalmaması ilə maraqlanıb.

 

İttiham olunan şəxs bu barədə danışarkən həmin vaxt Tovuz Rayon Polis Şöbəsinin rəis müavini olmuş Şahlar Cəfərovun adını çəkib.

 

İkin Süleymanovun dediyinə görə, hadisə yerinə aparılmazdan əvvəl rəis müavini ona hədə-qorxu gəlib, işgəncə verib: "Başıma və bədənimin başqa yerlərinə içki şüşəsiylə zərbələr vurdu. Həmin vaxt bir nəfər polis əməliyyatçısı içəri daxil olub, Baş Prokurorluqdan gələnlərin qabağında artıq-əskik danışmamağımı tapşırdı",  -deyə İlkin Süleymanov bildirib.

 

Daha sonra o, dövlət ittihamçısının suallarını cavablandırıb.

 

Prokuror ilk olaraq İlkin Süleymanovdan hadisə yerində ifadə verərkən nəyə görə ayağında ayaqqabı deyil, çəkələk olduğunu soruşub.

 

Təqsirləndirilən şəxs ayaqqabı geyinməməsinə səbəb kimi, işgəncə verildiyi üçün dabanlarının şişdiyini göstərib.

 

Prokuror isə "Görüntülərdə ağrıdığınız hiss olunmur, rahat gəzirsiniz", - deyə əlavə edib.

 

İlkin Süleymanov prokurorun bir neçə sualına “yadımda qalmayıb”, “bilmirəm” kimi cavablar verib. Bu zaman məhkəməyə sədrlik edən hakim Dadaş İmanov İlkin Süleymanova müraciət edərək ondan hər şeyi dəqiqliklə danışmasını istəyib:

 

"İkin, əmin ol ki, mən sənin barəndə ən obyektiv qərarı verəcəm. Ona görə burda hər şeyi dəqiqliyi ilə danış. İttiham sənə istintaqa verdiyin ifadə əsasında verilib, indi hər şeyi dəqiqliyi ilə danışmalısan ki, biz obyektiv qərar çıxara bilək”, - deyə hakim vurğulayıb.

 

Proses noyabrın 29-u davam etdiriləcək.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın