Hamı öz pensiyasını hesablaya biləcək – YENİLİK

Bu gün vətəndaşların əksəriyyəti yaşa görə pensiyaya çıxacaqları zaman nə qədər pensiya alıb-almayacaqlarını bilmirlər. Çünki əksəriyyət ya yeni dəyişiklikdən məlumatsızdır, ya da bu sistem bir qədər qəliz olduğundan tam anlaya bilmir. Elə bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalini məlumatlandırmaq üçün yeni elektron xidməti vətəndaşların ixtiyarına verir.

 

APA TV xəbər verir ki, bundan sonra vətəndaşlar elektron kalkulyatordan istifadə etməklə onlara hansı məbləğdə pensiyanın təyin ediləcəyi barədə məlumat ala biləcəklər. Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili deyir ki, yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşma funksiyası çərçivəsində yeni və funksional imkanlara malik pensiya kalkulyatoru xidməti hazırlayır. Bu xidmət vətəndaşlara pensiyanın nə zaman və qanunvericilikdə hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənməyə imkan verəcək. Kalkulyator mövcud qanunvericilikdə vətəndaşa yaşa görə pensiyası hüququnun yaranacağı tarixi, pensiya hüququnu əldə edəcəyi  tarixdəki yaşı, habelə hər üç pensiya növü-yaşa, əlilliyə, ailə başçısını itirməyə görə tələb olunan pensiya stajı və hazırda pensiyaçı olub-olmaması ilə bağlı məlumat verəcək”.

 

Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz İsmayılov isə deyir ki, son dövrlərdə vətəndaşlar tərəfindən Fonda ən çox verilən sual məhz vətəndaşın hazırda topladıqları pensiya kapitalının hansı məbləğdə olması və onlara hansı məbləğdə pensiyanın təyin ediləcəyidir. Bunu öyrənmək istəyən hər bir vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial portalından istifadə etməklə ödənilmiş kapitalını öyrənə bilər. Bunun üçün şəxsiyyət vəsiqəsinin FİN-i və özünün adına olan telefon nömrəsini portaldakı müvafiq bölməyə daxil etməklə qeydiyyatdan keçib özünün məlumatlarını öyrənə və mütəmadi nəzarət edə bilər: “Əgər vətəndaşın pensiya yaşı çatıbsa o zaman 2006-cı ildən bu yana olan müddətin kapitalı və 2006-cı ildən əvvəlki dönəm üçün hər bir vətəndaşın stajına görə hesablanan 306 manat aylıq kapital hesablanaraq bölünür 144-ə və bu zaman alınan məbləğ vətəndaşın pensiya məbləğidir”.

 

Eyvaz İsmayılov deyir ki, pensiya yaşına çatan şəxs əgər yaşadığı dövr ərzində aylıq gəlirindən dövlətə hər hansı bir sığorta haqqı ödəməyibsə o zaman həmin şəxslər pensiya ala bilməyəcək. Lakin: “Təbii ki, vətəndaş gəlirindən sığorta haqqı ödəməyibsə həmin şəxslər pensiya ala bilməyəcəklər. Bu şəxslər dövlət tərəfindən büdcə vəsaiti hesabına sosial müavinətlə təmin ediləcəklər”.

 

Şöbə müdiri deyir ki, hazırda ölkə üzrə sosial müavinət 130 manat təşkil edir.

 

Qeyd edək ki, bu ilin 8 ayında pensiya üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 576,5 mln. manat çox olmaqla 2 mlrd. 993 mln. manat vəsait ödənilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 1 milyon 257 min şəxsə pensiya ödənilib.

 

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv