Hamının qoşulmaq istədiyi layihə: “Qaliblər düşərgəsi” nə qazandırdı?

 

”Dövlət Miqrasiya Xidməti, “For Azerbaijan” Xeyriyyə Təşkilatı və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin səlahiyyətli nümayəndələrinin və üzvlərinin hesabat xarakterli görüşü keçirilib. Görüşdə son bir il ərzində birgə həyata keçirilən tədbirlər, layihələr və gələcək perspektivlər müzakirə olunub”. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov APA TV-yə bildirdi ki, şəhid övladları dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub: “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan “Qaliblər düşərgəsi”nin başa çatması bizim üçün yeni bir mərhələnin başlanğıcı oldu. Ötən il düşərgə ərəfəsi və müddətində biz hər bir qalibimiz haqqında müfəssəl məlumatlar topladıq. Onların ailə vəziyyəti, ailədəki psixoloji durumları, arzuları, istəkləri, problemləri bizə bir il ərzində onları müxtəlif layihələrə cəlb etməyə əsas verdi”. Elnur Kələntərovun sözlərinə görə, “Qaliblər düşərgəsi” başa çatdıqdan sonra miqrasiya könüllüləri layihə çərçivəsində tanıdıqları 79 uşaqla mütəmadi ünsiyyətdə olublar. İdarə rəisi əlavə etdi ki, düşərgədən sonra votsap qrupları yaradılıb, ötən bir il ərzində onların məktəbdə davamiyyətləri, təhsilə, məktəbə və dostlarına münasibətləri öyrənilib, paralel olaraq isə psixoloqlar şəhid xanımları ilə işləməyə başlayıblar: “Müşahidə etdik ki, doğrudan da istər məktəbə münasibətdə, istər ailəyə münasibətdə onlarda müsbət dəyişikliklər yaranıb. Eyni zamanda ali məktəbə hazırlıqda irəliləyişlər əldə ediblər. Biz də həm düşərgədə olduqları zaman, həm də ötən bu müddət ərzində keçirdiyimiz görüşlərdə onlara bildirmişdik ki, 79 düşərgə üzvü miqrasiya könüllülərinin həm nəzarətində, həm də diqqətində olacaqlar”. Görüşdə həmçinin vurğulandı ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarları olan uşaqların, gənclərin hərtərəfli inkişafına töhfə vermək məqsədilə belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Daha sonra psixoloq Məlahət Kazıbekova və gənclərin fikirlərini öyrəndik: Məlahət xanım deyir ki, düşərgə bitsə də, dostluq bitməyib. Bu isə onların məsuliyyətini daha da artırıb: “Bu bizim qürur duyduğumuz bir işdir. Ötən bir ili də demək olar ki, internet üzərindən görüşdük. Çalışdıq onların yanında olaq, problemlərinə, qayğılarına biganə qalmayaq. Biz artıq həm də dostuq. Ötən bir ildə davam edən görüşlərimiz, inşallah, davamlı olacaq”. Məhəmməd Kərimov “Qaliblər düşərgəsi” nin supervayzer heyətinin üzvüdür. 11 nəfərlik bir qrupla işləyən Məhəmməd Kərimov deyir ki, düşərgə iştirakçıları ilə birlikdə çalışmaq bu günədək işlədiyi ən məsuliyyətləri layihədir: “Beləliklə, zoom vasitəsi ilə keçirdiyimiz görüşlər və ünsiyyətimiz çox uğurlu nəticə verdi. Düşərgəmizin qalibləri üçün bu çox əhəmiyyətli bir iş oldu, ən əsası isə şəhid xanımları bizə təşəkkür etdi”. Fidan Quluzadə də ən aktiv könüllülərdən biridir: “İlk gün biz çox həyəcanlı idik. Düşərgənin ilk günü elə ona görə də unudulmaz günlərdən biri kimi yadımızda qalıb”. Miqrasiya könüllərinin ən gənc üzvü isə Sara Nabikoğludur: “Mən layihəyə bu gün qoşulmuşam. Bayaqdan işçi qrupun üzvlərini dinləyirəm və onların ötən bir ildə gördükləri işlərlə tanış oldum. Doğrudan da qürurvericidir. Mən isə ən gənc könüllü olaraq “Qaliblər düşərgəsi”nin üzvlərinə ingilisi dili təlimi verəcəm. Bu layihədə iştirakımdan məmnunam”. Əsli Yusifova da miqrasiya könüllüsü olmaqdan məmnundur: “Qaliblər düşərgəsi” Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biri oldu. Düşünürəm ki, bu layihə həm bizim, həm də onlar üçün çox əhəmiyyətli oldu. Bu əhəmiyyətli layihənin bir parçası olduğum üçün qürurluyam” . Qeyd edək ki, ötən il “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan “Qaliblər düşərgəsi” layihəsində 68 şəhid ailəsindən ümumilikdə 78 uşaq iştirak edib.
 

Müəllif | Apa.Tv
Apa.tv