Hande Harmancı: “Koronavirusun nəinki ikinci, hətta üçüncü və dördüncü dalğası da ola bilər”

"Bütün hökumətlər insanların sosiallaşmasını hədəfləyir, bir tərəfdən onları qorumaq istəyir, bir tərəfdən də iqtisadi fəaliyyəti saxlamaq istəyirlər".

APA TV-nin məlumatına görə,  bunu Ümumdünya Səhiyyə Təşkilatının Ölkə Ofisinin onlayn mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ÜST-ün əsas tövsiyələri sağlamlıqla bağlıdır. Hande Harmancının sözlərinə görə, hər bir ölkədə tədbirlərin yumşaldılması ilə bağlı qərar verilsə də, xəstəliyin artıb-azalmasına dair vəziyyət izlənəcək.

Hande Harmancı valideynlərə də səslənərək bildirib ki, qızılca, məxmərək, digər yoluxucu xəstəliklərə görə peyvəndləri davam etdirməlidirlər.

Konfransda həmçinin qeyd edilib ki, Azərbaycanda koronavirus xəstələrinin olduğu xəstəxanalarda həkimlərin virusa yoluxma səviyyəsi yüksək deyil və son məlumata görə, bu say 300 nəfərdir. Hande Harmancı virusa yoluxan səhiyyə işçilərinin əksəriyyətinin COVİD 19-a kənarda yoluxduqlarını qeyd edib: “Çünki xəstəxanada onlar özlərini daha yaxşı qoruyurlar. Xüsusilə də poliklinikalara gələnlər çox olur. Həkimlər, tibb işçiləri özlərini kənarda da daha yaxşı qorumalıdır. Son məlumata görə, 300 səhiyyə işçisi yoluxmuşdu. Bu, keçən həftəyə olan məlumatdır”.

Hande Harmancı bildirib ki, epidemiya ilə bağlı görülən tədbirlər aradan qaldırılsa, say arta bilər: "Amma dalğa sayı ikidən də çox arta bilər. Yəni müəyyən tədbirlər görüləcək, sonra yumşaldılacaq, say bir az artacaq, daha sonra yenə tədbirlər görüləcək, yumşalma olacaq. Bunun nəticəsində ikinci, üçüncü, dördüncü dalğa da ola bilər. Amma bundan qorxmaq lazım deyil. Səhiyyə kiçik-kiçik dalğaların qarşısını ala bilər. Əsas məsələ karantin rejimi olmayanda belə özümüzü necə qorumalı olduğumuzdur".

O bildirib ki, martın 31-də xüsusi karantin rejimi elan olunub, aprelin 10-dan sonra isə virusa yoluxanların sayı azalmağa başlayıb. Lakin insanlar qaydalara əməl etməsə, 7-10 gün sonra yoluxmanın artmağa başlaması mümkündür. Belə olsa, hökumət yenidən karantinlə bağlı qərar verə bilər.

 

Müəllif | Apa.Tv
Apa.tv