Hande Harmancı: “Peyvənd xəstəliyin tam aradan qaldırılması demək olmayacaq”

“Azərbaycanda koronavirusa yoluxma tempi bu şəkildə davam etsə, səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək”.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, bu fikirləri Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib.

 

Onun sözlərinə görə, ən birinci vasitə qorunmaq və gigiyenik qaydalara əməl edilməsidir: “Biz bütün dünyada gördük ki, nə vaxt ictimai tədbirlər alınmağa başlasa, yoluxma sayı azalır və nəzarət zəifləyəndə yoluxmalar da artır. Buna görə də qaydalara əməl etmək vacibdir - respirator gigiyenası, ara məsafəsinə, əllərin tez-tez yuyulması və s. Hazırda qış aylarıdır və insanlar qapalı məkanlarda oturur. Bu mənada otaqların tez-tez havalandırılması vacibdir”.

 

Vaksinlərin Azərbaycana gətirilməsi məsələsinə də toxunan Hande Harmancı bu istiqamətdə iş aparıldığını deyib. Onun fikrincə, qısa zamanda ölkə ərazisində vaksinlərin tətbiq oluna biləcəyi istisna olunmasa da, bu, xəstəliyin tam aradan qaldırılması demək olmayacaq: “Peyvəndlərlə bağlı çox ümid var. Bildiyiniz kimi, 10 vaksin artıq üçüncü mərhələdə araşdırılır. Lisenziya aldılar, İngiltərə artıq peyvəndi tətbiq etməyə başladı. Amma peyvənd olduğu üçün insanlar laqeyd olmamalıdır. Qaydalara əməl etmək lazımdır”.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Gəncə şəhərinə səfəri çərçivəsində müharibədən zərər görən insanlarla görüşüb. Görüş zamanı o, koronavirusla mübarizə üçün bir sıra bir tibbi ləvazimatlar paylayıb, xəstəlikdən qorunmaq üsulları ilə bağlı fikirlərini bölüşüb.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

 

 

Müəllif | Apa.Tv
Apa.tv