Hande Harmancı: “Təxminən 130 ölkədə peyvəndin tətbiqinə başlanmayıb”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinar keçirilib.

APA TV xəbər verir ki, Vebinara moderatorluq edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı bir sıra məsələlərin siyasiləşdirildiyini deyib.

Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yoxsul ölkələrə peyvəndlərin paylanması təşəbbüsünün irəli sürüldüyünü əlavə edərək Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi bu işdə müəyyən mənəvi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ÜST-ün Azərbaycanda milli səhiyyə sisteminin yeni vəziyyətə uyğunlaşdırılmasında mühüm tərəfdaş olduğunu deyib.

Hikmət Hacıyev Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə peyvəndləmə prosesinin başladığını, lakin hazırda peyvəndlərin milliləşdirilməsi probleminin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, 90% peyvəndlər daha yüksək gəlirli ölkələr tərəfindən alınır. Hikmət Hacıyev yeganə həll yolunun qlobal vaksinasiya proqramının olduğunu deyərək bütün ölkələr üçün peyvəndlərə maneəsiz və etibarlı çıxışın təmin edilməsinin vacibliyini vurğulayıb.

ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, pandemiyadan bütün dünya əziyyət çəksə də ən kasıb və imkansız ölkələr və həssas insanlar daha çox təsirlənib. Onun sözlərinə görə, indi peyvəndə sahib olan ölkələrin 90-dan çoxu varlı ölkələrdir. 2,5 milyarddan çox əhalisi olan təxminən 130 ölkədə peyvəndin tətbiqinə başlanmayıb. Onun sözlərinə görə, ÜST-ün tərəfdaş olduğu COVAX təşəbbüsü məhz bərabərsizliyi aradan qaldırılması üçün yaradılıb. COVAX 2021-ci ilin sonuna kimi 2 milyard doza peyvəndin aşağı gəlirili ölkələrə paylanmasını hədəf seçib.

Müəllif | Apa.Tv
Apa.tv