Hansı hallarda kartdan karta köçürmə edənlər 6 min manat cərimələnəcək?
Nağdsız ödəmə sistemi Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Lakin bəzi işbazlar bu sistemdən vergidən yayınmaq üçün istifadə edirlər. Məsələn, hansısa satış məntəqəsində kartla ödəniş etmək istədikdə "terminal işləmir" "kartdan karta atın" deyərək, vergidən yayınmağa çalışırlar. Məhz bu cür halların qarşısını almaq üçün kartdan karta ödənişlərlə bağlı böyük cərimələr nəzərdə tutulub. Bəs bu cərimələr necə müyyənləşəcək və kimlərə şamil ediləcək? İqtisadçı ekspert Eldəniz Əmirov dedi ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması məcburidir. İqtisadçı ekspert əlavə etdi ki, cərimələr yalnız POS-terminal verməkdən imtina edən və ya onun olmadığını söyləyən təsərrüfat subyektinə tətbiq olunur. Dövlət Vergi Xidmətindən bildirilib ki, pərakəndə ticarət fəaliyyəti göstərən şəxs tərəfindən malların satışı həyata keçirilərkən alıcı tərəfindən nağdsız şəkildə ödənişlər POS-terminal vasitəsi ilə həyata keçirilməli və bu zaman alıcıya terminaldan çıxarışla yanaşı, nəzarət kassa aparatı çeki də təqdim edilməlidir. Qeyd edək ki, istehlakçılar vergi qanunvericiliyinin pozulması ilə rastlaşdığı zaman bu barədə 195 çağrı mərkəzinə müraciət edə bilərlər.
Aygün Carçıyeva, APA TV