“Hansı zəmanədə yaşayırıq ki, yağış suyu ilə paltar yuyuruq” – BİNƏDƏ SAKİNLƏR SUSUZ QALIB
Xəzər rayonu Binə qəsəbəsi, Sovxoz massivi adlanan ərazidə sakinlər susuzluqdan əziyyət çəkir.
APA TV-nin verdiyi xəbərə görə, sakinlərin sözlərinə görə, adı çəkilən ərazidə məskunlaşdıqları gündən içməli su olmayıb. Pul ilə aldıqları suyu isə həm içmək üçün, həm də məişət işlərində istifadə edirlər ki, bu da onlara olduqca baha başa gəlir:
- Su yoxdur. Maşın vasitəsi ilə su gətiririk, bu isə hər həftə 30 manat edir. Biz dövlət qurumlarına müraciət edirik. Biz Azərbaycan vətəndaşlarıyıq. Bu şəraitdə yaşaya bilmirik.
- Binə bələdiyyəsi dedi ki, Qala baxır əraziyə. Qalaya getdik, dedi biz İcra hakimiyyətinə deyəcəyik. İcra nümayəndəsinin adı Hacıbaladır. Mən özüm yanında olmuşam. Söz verdi ki, su çəkiləcək. Amma heç bir şey olmadı.
Su xərclərini azalda bilmək üçün bəzi sakinlər fərqli üsullara əl ataraq, çıxış yolunu yağış suyundan yararlanmaqda görüblər. Bunun üçün iri tutumlu qabları ağzı açıq şəkildə həyətə qoyublar ki, içərisi yağış suyu ilə dolsun. Həmçinin, evlərin damına su xətti bərkidərək yaranan su axınını da, toplamağa çalışıblar:
- Görəcəksiz. Şlanq qoşmuşuq evlərin damına, yağan suyu yığmaq üçün. Gözləyirik ki, haçan yağış yağar, 2 qab yığarıq paltarları yumaq üçün. İndi hansı dövrdə, hansı zəmanədə yaşayırıq ki, yağış suyu ilə paltar yuyuruq.
- Burada şirin su yoxdur. Aşağı tərəfdə şirin su var. Lakin burda yoxdur. Tələbimiz budur ki, bura su çəkilsin.
- Biz 10 il öncə buradan həyətyanı torpaq almışıq. Həmin vaxt İcra nümayəndəliyinə müraciət etmişdik, dedilər əraziyə su çəkiləcək. Dedilər ki, Qala ərazisində anbarlar tikilir. Həmin anbarlardan su veriləcək. Lakin üzərindən 10 il keçib hələdə suyumuz yoxdur.
Sakinlərin suallarına cavab tapa bilmək üçün üz tutduq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələdən xəbərdar olduqlarını bildirdi: “2020-ci ildə Binə qəsəbəsində 10 km-ə qədər içməli su xətləri quraşdırılıb. Bildiyiniz kimi hazırda Binə qəsəbəsinin ərazisi olduqca genişlənibdir. “Azərsu ASC Binə qəsəbəsinin təxminən üçdə bir hissəsini mərkəzləşmiş qaydada su ilə təmin edibdir. Sizin dediyiniz ərazidə mərkəzləşmiş su sistemi yoxdur. Ora yeni salınan massivdir. Lakin bizim baş planda nəzərdə tutulubdur. Binə qəsəbəsinin hər bir ərazisində mərkəzləşmiş su xətləri çəkiləcəkdir”.
Ümid edirik ki, yaxın vaxtlarda min ailənin yaşadığı qəsəbədə içməli su problemi öz həllini tapacaq. Sakinlərin isə yağış suyu toplamaq kimi bir dərdi qalmayacaq.
Xələf Xələfov,
Musa Qulammirzəyev,
APA TV