Haqqı Uyğur: “İranın Azərbaycanla sərhəddə təliminin vaxtı və yeri deyildi"

İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur və Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur Ağdam şəhərinə səfər ediblər.

 

 

Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur Ağdam rayonuna APA TV-nin yerli bürosuna açıqlamasında İranın Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərinə Bakının icazəsi olmadan yük daşıması ilə bağlı açıqlama verib.

 

Haqqı Uyğurun sözlərinə görə, qarşı tərəf bunun anlaşılmazlıq olduğunu bildirir: “İranlı dostlarımızın bizə söylədiyi budur ki, yanlış anlaşılma olub, belə hallar bir də təkrarlanmayacaq. Sürücülərin öz təşəbbüsləri, öz işgüzarlıqları ilə bunu etdiyi, bundan sonra təkrarlanmayacağını bildirirlər. İnşallah biz də ümid edirik ki, həqiqətən də belədir, bundan sonra İrandan Azərbaycan ərazilərinə avtomobillər qanunsuz göndərilməyəcək, yüklər daşınmayacaq, İran da özünə, müsəlman və qardaş ölkəyə yaraşan davranış göstərəcək”.

 

İranın Azərbaycanla sərhəddə təlimlər keçirməsinə münasibət bildirən Haqqı Uyğur deyib ki, Azərbaycana səfərlərinin bir məqsədi də məhz bu məsələlərə aydınlıq gətirilməsidir:“Burda olmaqda məqsədimiz budur:bunu İran rəsmilərindən dəqiqləşdirmək, soruşmaq. Bilirsiniz, bəzən media üzərindən təmaslar yanlış anlaşılmalara səbəb olur. İran mediasında bizim əleyhimizə çox məlumatlar yayılır. Türk allergiyası olan dairələr var. Bəlkə onların da təsiri ilə “Biz də buradayıq, biz də təlim keçirib, güclü olduğumuzu göstərək” kimi mesaj verirlər. Lakin bunlara heç bir ehtiyac yoxdur. Biz onsuz da İranın güclü dövlət olduğunu bilirik, bu təlimlərin yeri və vaxtı deyildi. Amma təbii ki, İran sərbəst və suveren ölkədir. İstədiyi vaxt ölkənin istənilən yerində təlim keçirməsində bir narahatlıq yoxdur”.

 

Səfər iştirakçılarına çatdırılıb ki, ermənilər işğal altında saxladıqları bütün ərazilərdə İslam abidələrini, məscidləri dağıdıb, yerlə yeksan edib,  müqəddəs ziyarətgahlarda heyvan saxlayıb, digər müharibə cinayətləri törədib. İşğal zamanı erməni turistlərin çəkdiyi, məsciddə heyvan saxlanıldığı əks olunmuş fotolar qonaqlara nümayiş etdirilib.

 

O, Qarabağ müharibəsində İran tərəfinin atdığı addımlara Türkiyədə ən sərt cavabı verdiklərini də xatırladıb. Bildirib ki, oxşar hallar təkrarlanarsa, eyni şəkildə də cavab veriləcək.

 

Sonda Məhəmməd Kazım Səccadpur və Haqqı Uyğur Ağdam Cümə məscidində namaz qılıb.

 

Habil Aslanoğlu, Arzu Quliyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv