Hava kəskin dəyişir: NAZİRLİKDƏN XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

 

Müraciətdə deyilir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, soyuq və yağıntılı keçəcəyi proqnozlaşdırılır. Soyuq havalarda isə adətən qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artması müşahidə olunur. Bu zaman xüsusilə mənzillərdə və ya fərdi yaşayış evlərində elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə yanğınla nəticələnə bilər.

 

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını tövsiyə edir.

 

Bu məqsədlə, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə etməməyi, elektrik şəbəkəsini həddindən artıq yükləməməyi, işlək vəziyyətdə olan qızdırıcı cihazları nəzarətsiz qoymamağı və onları uşaqlara həvalə etməməyi məsləhət görür.

 

Bundan başqa Nazirlik qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamağı, cihazlardan zavod istehsalçılarının təlimatlarına uyğun istifadə etməyi, elektrik və qaz şəbəkəsinin quraşdırılmasını yalnız mütəxəssislərə həvalə etməyi, mütəmadi olaraq qızdırıcı cihazların və tüstü bacalarının istismara yararlılığını mütəxəssislərə yoxlatdırmağı, mənzildə qaz qoxusu hiss etdikdə işığı yandırmamağı, qapı-pəncərələri açmağı, mənzilə qazın girişini bağlamağı və mütəxəssis çağırmağı tövsiyə edir.

 

Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi məsləhət görür.

 

Müəllif | Apa.Tv
Apa.tv