Hayların növbəti hay-küyü: Ermənistan yalan xəbərlə nə əldə etmək istəyir? - APA TV
Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır.
APA TV xəbər verir ki, Ermənistan tərəfi isə xislətinə uyğun olaraq dünya ictimaiyyətini yenə aldatmağa, əsas diqqəti törətdiyi təxribatlardan yayındırmağa çalışır. Ermənistan iddia edir ki, Azərbaycan ordusu mülki evlərə və xəstəxanalara atəş açıblar. Üstəlik, illərdir boş qalmış və dağılmış evlərin görüntülərini sosial şəbəkələrdə yayaraq qeyd edirlər ki, sentyabrın 13-ü gecə saatlarında həmin yaşayış yeri Azərbaycan ordusu tərəfindən dağıdılıb.
Fransa parlamentinin deputatı Fransua Ksavye-Bellami də Avropa Parlamentinə müraciət edərək Azərbaycanın guya sivil ermənilərə atəş açdığını iddia edib. O daha da irəli gedərək, ölkəmizə qarşı sanksiyalar tətbiq etməyin, Azərbaycandan qaz alışının dayandırılmasının vacibliyindən danışıb.
Maraqlıdır ki, 44 günlük Vətən Müharibəsi dövründə ermənilər tərəfindən bombalanan Gəncə, Bərdə, Tərtər, eləcə də kəndlərimizdə şəhid olan dinc sakinlərə görə demək olar ki, heç bir Qərb ölkəsi və ya insan haqlarını müdafiə edən beynəlxalq təşkilatlar səslərini çıxarmadılar.
Halbuki 44 günlük savaşda 1-i körpə, 11-i uşaq olmaqla, 93 dinc sakin erməni bombardmanı nəticəsində həlak oldu.
Məsələ ilə bağlı kanalımıza açıqlama verən deputat Cavid Osmanov bildirib ki, bu Ermənistanın növbəti cəfəngiyyatı, uydurması və dezinformasiyasıdır. O əlavə edib ki, əksinə, məhz Ermənistan ordusu 30 illik işğal dövründə azərbaycanlılara qarşı etnik təmizləmə və eləcə də 44 günlük Vətən Müharibəsi dövründə qəsdli şəkildə sivil insanları atəşə tutublar.
Siyasi şərhçi Elçin Mirzəbəyli isə bildirib ki, Azərbaycan ordusu Ermənistan ordusundan fərqli olaraq, verilən tapşırıqları müasir və dəqiq silahlarla, nöqtə zərbələrlə, yüksək peşəkarlıqla həyata keçirir və buna görə mülki yaşayış yerlərinin hədəfə alınmasından söhbət gedə bilməz. Siyasi şərhçi qeyd edib ki, bu Ermənistanın Azərbaycana qarşı beynəlxalq təzyiqlərin həyata keçirilməsi istiqamətində apardığı dezinformasiya siyasəsitidir.
Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin təxribatının qarşısı alınıb.
Fuad Sadıqov
APA TV