Həbs olunmuş Vaqifdən etiraf: “Hücum Xankəndidə hazırlandı”
Bu gün də qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Yasamal rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəməyə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrlik edir. Bu gün keçirilən iclasda da prosesdə zərərçəkənlər ifadə verib. İfadə verən zərəçəkən Behbudova Bəsti Meşəli kəndində törədilən cinayətkarların hamısının həbs edilib edam edilməsini istədi. Daha sonra ifadə verən Bəhram Hacıyev cinayətkar dəstəyə Xaçatryan Vaqif Çerkezoviçin rəhbərlik etdiyini dedi. Vaqifgilin dəstəsində Armais, Qarok və Ernes adlı erməni separatçıları da var idi. Bunu isə ifadəsində Ədalət Salmanov deyib. O qeyd edib ki, həmin silahlılar uşaq, qoca demədən hamıya hücum etdilər. Daha sonra zərərçəkmiş şəxs qismində dindirilən Fazil Hacıyev Meşəli hadisələrində bir evdən 5 nəfəri yandıranın məhz Vaqif olduğunu dedi. İfadə verən Rüstəmov Arzu isə qardaşının Xocalıya ezamiyyətə göndərildiyini, dekabrın 23-də isə ermənilər tərəfindən yandırıldığını dedi. Nurməmmədov Mikayıl “Meşəli hadisələri”nin Xocalıdakı Badara kəndinin erməni sakinləri tərəfindən törədildiyini və insanları isə “aqanamyot”la yandırıldığını bildirdi. Daha sonra Zeynal Məmmədov, Sadıqov Şamil də Vaqifi tanıdıqlarını üstəlik silahlı dəstənin Qasparyan Belik və Kolya adlı ideoloji rəhbərlərinin də olduğunu vurğuladılar. Maraqlıdır ki, əvvəlki məhkəmələrdə Meşəli hadisəsindən xəbərinin olmadığını deyən Vaqif Xaçatryan budəfəki çıxıışnda hadisələri törədənlərin Ermənistandan, xaricdən gələnlər və Daşnaksütyun Partiyasının üzvləri olduqlarını açıqlayıb və əlavə edib ki, özü bu hadisələrdə iştirak etməyib. Qeyd edək ki, 1991-ci ilin dekabrında Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Törədilən qətliamda 25 nəfər azərbaycanlını öldürülüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ümumilikdə, cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Proses oktyabrın 24-də davam etdiriləcək. Fuad Sadıqov Həzrət Bayramlı APA TV