“Heç kimi günahlandırmıram, amma...” - Nazir nə demək istədi?

Təhsil sistemi ilə bağlı bir çox sual var, onlara cavab axtarmaq lazımdır. Düzgün suallar qoymaqla və bunun ətrafında müzakirələr aparmaqla təhsil sistemini daha sürətli inkişafa təhrik etmək olar. Bunu təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun 90 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə bildirdi: “Azərbaycan bir çox beynəlxalq elmi tədqiqatda iştirak edir və nəticələrimiz elə də yüksək olmur. Reytinqdə niyə aşağıdayıq və günahkar kimdir? Bu suallara cavab tapmaq lazımdır. Şikayət etməklə təhsil sistemi irəli getmir. Sistem o zaman irəli gedər ki, problemi müəyyənləşdirib, onun həlli istiqamətində çıxış yolu tapmalıyıq.Təhsil İnstitutunda çalışdığım müddətdə 73-ə yaxın layihə idarə edirdik. Böyük təşəbbüslərə doğru irəliləyirik. İcma əsaslı məktəbəqədər təhsil müəssisələri ilə bağlı layihə bu gün 750-dən çox kənddə 15 mindən çox uşağa xidmət göstərir. Bu layihə vasitəsilə ucqar kəndlərdə 777 qadın işlə təmin olunub”

 

Nazir həmçinin təəssüflə qeyd etdi ki, sosial şəbəkələrdə elmi tədqiqatlarla bağlı müzakirələrə çox az hallarda rast gəlinir: “Yəqin ki, biz daha çox hansısa fərdi şikayətlər, rəylər, heç bir tədqiqata söykənməyən, bir çox hallarda isə heç bir faydası olmayan və ya çox az faydası olan müzakirələrə rast gələcəyik. Burada heç kimi günahlandırmaq istəməzdim, amma müzakirələrimizi elmi tədqiqatlar əsasında aparaq. Burada Təhsil İnstitutunun üzərinə böyük yük düşür. İctimai şəxsin tədqiqat aparmaq imkanı və bacarığı yoxdur. Amma Təhsil İnstitutunun bu istiqamətdə imkanları genişdir”.

 

Nazir hazırda mövcud olan dərsliklərin mahiyyətini deyil, ancaq zahiri tərəfinin müzakirə edildiyini qeyd etdi: “Dərslikdə hansısa səhifədə hər hansı gülməli şəkil tapıb sosial şəbəkədə müzakirə etməyi yaxşı bacarırıq. Lakin riyaziyyatdan ibtidai sinifdə uşaqlara rəqəmləri və ədədləri nə zaman öyrətməliyik? Ancaq müzakirələr zamanı bununla bağlı fikir mübadiləsi aparılmasının şahidi olmamışam. Halbuki özü-özlüyündə ciddi metodiki sualdır.300-dən artıq dərslik var və on minlərlə səhifədə hərf səhvinin olması qaçılmazdır. Bundan sonra da hərf səhvləri olacaq. Lakin bu, əsas problem deyil. Əsas problem bu və ya digər fənnin tədrisi ilə bağlı tədqiqatların həmin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Ona görə də ehtiyat dərslikləri bu istiqamətdə uğurlu hesab edirəm. Dərsliklər yazılanda bütün mütəxəssislər prosesə cəlb olunub və fərqli dərsliklər yaradılıb. Lakin bu islahatlar yarımçıqdır”

 

Emin Əmrullayev çıxışının sonunda qeyd etdi ki, Azərbaycan təhsilinin irəli getməsi üçün yeni təhsil siyasəti modellərini yaratmaq və bunu ardıcıl pilot layihələr çərçivəsində tətbiq etmək lazımdır.

 

Daha sonrakı çıxışlarda isə Təhsil İnstitutunun bu günə kimi gördüyü və bundan sonra görəcəyi işlər barədə ətraflı məlumatlar verildi.

 

 

Aytən Sakitqızı

Kamran Namazov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv