“Hədəf Nəşrləri”nin 10 illik yubileyi qeyd olunub
“Hədəf Nəşrləri”nin 10 illik yubiley tədbirində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Daha sonra 10 il ərzində keçilən yolu və görülən işləri əks etdirən videoçarx nümayiş olunub.
APA TV-nin məlumatlna görə, tədbirdə çıxış edən "Hədəf Nəşrləri"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq bu yolda atılan ilk addımlardan danışıb, xatirələrini bölüşüb: “10 il böyük bir tarixdir. Amma geriyə baxanda adama kiçik bir zaman məsafəsi kimi gəlir. Mənim üçün həmişə dediyim “Hər şey bu kitabdan başladı” ifadəsidir. Həm həyatımı dəyişən kitab, həm də bu gün “Hədəf liseyi”, “Hədəf kursları”, “Hədəf nəşrləri” - yəni hədəf adına nə varsa, hər şey bu kitabla başladı. Bir işıq idi, bir mesaj idi bu kitab. Bu kitab 2006-cı ildə ədəbiyyat vəsaiti olaraq çap olundu”.
“Hədəf Nəşrləri” MMC 2009-cu ildə təsis olunub. Fəaliyyətə başladığı ilk ildən nəşriyyat Azərbaycanda orta təhsilə dair əlavə və metodik dərs vəsaitlərinin çap olunmasını əsas istiqamət kimi qəbul edib. Həmin ildə bütün fənlər üzrə işıq üzü görən əlavə dərs vəsaitləri və test topluları qısa vaxtda kitab bazarında “Hədəf Nəşrləri”nə yüksək reytinq qazandırdı, imic formalaşdırdı. Peşəkar heyət tərəfindən hazırlanan bu kitablar keyfiyyətinə görə də fərqləndi.
Yubiley tədbirində APA Group-un rəhbəri Vüsalə Mahirqızı “Hədəf Nəşrləri”nin fəaliyyətini dəyərləndirib, kollektivə uğurlar arzulayıb. Vüsalə Mahirqızı təhsilin, maarifçilik işinin milli dəyərlərə, milli ideologiyaya xidmət etməli olduğunu bildirib: “Təhsilin, sözün başında milli adamlar dayanmalıdır. Milli ideologiya olmalıdır. Əgər bu varsa ölkənin sabahı var. Biz çoxlu ingilisdilli, rusdilli, fransızdilli insanlar yetişdirə bilərik və xalqımızın gələcəyi üçün yetişdirməliyik də. Amma ingilis dilində mənim millətimin ideyalarını yaymayacaqsa, o ideyalar haqqında danışmayacaqsa, kaş ki, o ingilis dili öyrənilməsin. Mən düşünürəm ki, bu işdə ailə tək olsa olmayacaq, bu işdə media tək olsa olmayacaq. Bu iş kompleks bir işdir. Bu iş ailə ilə bir yerdə təhsilin aparacağı bir işdir. Təhsillə ailə birləşəndə artıq media da, cəmiyyətin digər institutları da, strukturları da onun arxası ilə sadəcə gedir, onu təbliğ edir”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yubilyarların fəaliyyətinin əhəmiyyətini vurğulayıb: “Doğurdan da qürur duyduq. Bu liseydə ilk dəfə oluram. Amma kitablarla bağlı onu deyə bilərəm ki, 10 ildir bir yerdəyik. Fəaliyyəti izləyirik. Onun necə çətinliklə kitab çapı, kitabın təbliği, kitab şəbəkələri yaratmaq asan iş deyil. Doğrudan da kollektiv çətin bir işin qulpundan yapışıb. Amma lazımlı, vacib, xalqımız üçün əhəmiyyətli bir işdir”.
Millət vəkili Fazil Mustafa bu sahədə ölkədə böyük bir rəqabət bazarının yaradılmasının tərəfdarı olduğunu bildirib: “Azərbaycan cəmiyyətində hər hansı bir ideoloji və yaxud da istiqamətləndirici bir təhsil anlayışından tamamilə uzaqlaşmalıyıq. Qapılar açılmalıdır, hər kəs harada nə öyrənib, götürə bilirsə, imkan yaratmalıyıq ki, götürsün. Bunu edə bilən sonra faylları özü öz beynində istənilən yerə yerləşdirəcək. Çünki bizim kimi cəmiyyətlərdə istiqamətləndirilən zehinlə bir yerə getmək çox çətin olacaq. Ona görə də mən mütaliə sahəsində təhsillə bağlı bütün platformalarda böyük bir rəqabət mühitinin yaradılmasının tərəfdarıyam. Və bu mühiti yaradanlardan biri də həm “Hədəf Nəşrləri”, həm də və məktəblər sistemidir”.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir “Hədəf Nəşrləri”nin faydalı işlər ortaya qoyduğunu vurğulayıb: “Hər ölkədə bu cür təşəbbüslərin, təşəbbüskarların bu şəkildə ortaya çıxması və milləti üçün, ölkəsi üçün seçdiyi ərazidə həm qazanc əldə etməsi, eyni zamanda bunu edərkən əhaliyə faydalı olması çox önəmlidir”.
Tədbirdə nəşriyyatın fəaliyyətinə dəstək verən media və ictimaiyyət nümayəndələri, yazıçı və tərcüməçilər təşəkkürnamə ilə təltif edildi, dəvət edilən bütün qonaqlara “Ustad” dərgisinin xüsusi buraxılışı və bədii kitablar hədiyyə edildi.