Hədiyyəlik əşya, yoxsa ölüm silahı?

Bakıda tanışı tərəfindən xəncərlə vurulan gənc ağır yaralanıb.

APA TV xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 1994-cü il təvəllüdlü Kamran Musayev yaşadığı evdə tanıdığı şəxs tərəfindən xəncərlə vurularaq xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.

Qeyd edək ki, 11 noyabrda Şəmkir rayonunda Sədaqət İbadullayevanın qəsdən öldürülməsində istifadə edilən soyuq silah da xəncər idi.

Bəs görəsən çox zaman hədiyyə olunmaq üçün alınan və ya satılan xəncərlər, niyə son vaxtlar adam öldürmə və ya bədənə xəsarət məqsəd ilə istifadə edilir?

Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı, hazırda “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə, polis orqanlarında işlədiyi dövr ərzində zaman-zaman xəncərlə adam öldürmə, yaralama faktlarına rast gəlib: “Dükandan suvenir və ya hədiyyəlik xatirə kimi xəncər alıb saxlayırsa, bunun daşınması cinayət məsuliyyətinə cəlb etmir. Lakin o suvenirdən ictimai münasibətlərə zidd davranmaq və ya hər hansı bir cinayət əməli törədilirsə, o cinayət əməlinə uyğun həmin şəxs məsuliyyət daşıyır”.

Məsələni araşdırmaq üçün xəncərlərin ən çox satıldığı suvenir dükanlarında olduq. Satıcılar deyir ki, qiyməti 5 manatdan 80 manata qədər dəyişən bu xəncərlərin alıcıları azdır.

 

Çəkiliş zamanı bir neçə xəncərin itiliyin yoxladığımız zaman müşahidə etdik ki, satılan xəncərlərin əksəriyyəti kütdür. Elə satıcılar da deyir ki, səbəb bu xəncərlərin suvenir məqsədi ilə satılmasıdır. İti xəncərlər isə yalnız ovçu dükanlarında olur. Antik hədiyyələrin satışı ilə məşğul olan dükan sahibləri də xəncərə tələbatın azaldığını bildirdi.

Satıcı fidan Qasımova  deyir ki, indiki vaxtda xəncər alınmır: “Onları alan olsa belə,  suvenir kimi alır. Ancaq “farfor” fiqurlardır çoxu suvenir kimi alırlar. Milli geyimdə kino çəkən, rəqqas, o cür adamlar alır. O cür istifadə edənlər var”.

Ovçu dükanlarında çəkiliş aparmaq üçün icazə verməsələr də şifahi olaraq bildirdilər ki, xəncər almaq istəyən şəxs mütləq şəkildə “Ovçular” birliyinin üzvü olmalıdır.

Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Şəmsəddin Əliyevin sözlərinə görə, həmin şəxs Ovçular cəmiyyətinin üzvü olmalıdır: “ Xəncərlər vətəndaşa satılan zaman qeydiyyata alınmalıdır. Buna səbəb onun nömrəli və qeydiyyatlı olmasıdır. Buna daxildir bıçaq, xəncər, və s. soyuq silahlar”.

Şəmsəddin Əliyev qeyd edib ki, ov üçün nəzərdə tutulan xəncərlə vətəndaş metro və ya hər hansı ictimai yerə daxil olarsa, o zaman polis ona yaxınlaşıb, xəncəri hansı məqsədlə insanların sıx toplaşdığı yerdə gəzdirməsi haqqında sorğu-sual edə, lazım gələrsə məsuliyyətə cəlb edə bilər.

Norma Hüquq Mərkəzinin rəhbəri Şamil Paşayev bildirib ki, istənilən alətin soyuq silah olub-olmamasını yalnız ekspert müəyyən edə bilər: ”Şəxslərin üzərində bıçaq, xəncər və s. iti alət olduqda, bunun soyuq silah olması haqqında yalnız ekspert rəy verə bilər. Hər hansı bir şəxsin 3-4-10 sm olan silahların soyuq silah olması haqqında polis və ya prokurorluq orqanları mülahizə irəli sürə bilməz.

Xarici ölkələrə gəlincə isə, qeyd edək ki, misal üçün Yaponiyada kəsici hissəsinin uzunluğu 15 sm və ya çox olan istənilən qatlanmayan bıçağa sahib olmaq üçün müvafiq prefektura təhlükəsizliyi komissiyasının razılığı olmalıdır. Qanunun pozulması halları müşahidə olunduğu halda isə 2 il azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Sovet dönəmində isə uzunluğu 4 santimetrdən artıq olan bıçağa görə məsuliyyət nəzərdə tutulurdu.

 

Semral Cavad
Xəyal İskəndərov
Apa Tv

Müəllif | Apa.Tv
Apa.tv