Həkim: “18-19 yaşlı əsgərlər “yaramı sarın, tez döyüşə qayıdım” deyirdilər”
Onlar İkinci Qarabağ müharibəsinin ağ xalatlı qəhrəmanlarıdır.
Əsgərlərimiz kimi mübariz və qorxmaz həkimlərimiz. İgidlərimizə dəstək, yaralarına məlhəm olan həkimlərimizdən biri də ümumi cərrah uzmanı, Mərkəzi Neftçilər Xəstəxanasının orqan köçürülməsi və ümumi cərrahiyyə şöbəsinin müdiri Elmir Əsgərovdur.
APA TV-nin xəbərinə görə, müharibənin ilk günündə 40 nəfərlik həkim briqadası ilə 48 gün qəhrəman əsgərlərimizin qulluğunda duran Elmir Əsgərov deyir ki, təkcə "Hippokrat andı"na deyil, Vətənə sədaqət andına da sadiq qalıblar: “Azərbaycan əsgəri ilə birgə yüzlərlə Azərbaycan həkim ordusu da vətən savaşından kənarda qala bilməzdi. İstər həkim, istər tibb bacısı, istərsə də texniki heyət vahid komana kimi birləşdilər. Biz Mərkəzi Neftçilər Xəstəxanası olaraq könüllü həkimlər briqadası yığıldıq. “40 nəfərlik heyətlə cəbhəyə könüllü xidmətə hazırıq” dedik və komanda olaraq dövlətə müraciət elədik. Bir xəstəxananı qura biləcək tam heyətlə əsgərimizə qulluğa hazır olduğumuzu bəyan etdik. Bizi Gəncə bölgəsinə ezam etdilər”.
Bakıdan Gəncə Mərkəzi Hospitalına ezam olunan heyət əvvəlcə orda, daha sonra isə yeni tibbi mərkəzin yaranması zəruri olduğundan, Abbas Səhhət adına Gəncə Dövlət Xəstəxanasında fəaliyyətə başlayıb: “Biz, sadəcə, bir gecənin içində həkim briqadamızla xəstəxananı hospitala çevirdik. Bir məqsədimiz vardı ki, xəstəxana ən yüksək səviyyədə yaralı qəbuluna hazır olsun. Yəni sadəcə yaralılara ilk yardım yox, çox ciddi əməliyyatları gerçəkləşdirmək üçün şərait yaratdıq. Şükürlər olsun ki, bunu bacara, əsgərlərimizə layiqli tibbi xidmət göstərə bildik”.
Oktyabr ayında Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 4 dəfə ayrı-ayrı zamanlarda bombalandığı gecələri isə 48 günün ən çətin günləri sayır Elmir Əsgərov: “Həmin gecə nə Azərbaycan həkiminin, nə də Azərbaycan əsgərinin inadını qırmadı. Qorxularımız da vardı, amma əgər bombalanma səhərə qədər davam edərsə, yaralı əsgərlərimizi necə təxliyə edəcəyimizlə bağlı oldu. Həmin gecəni əsgərlərimizlə bahəm qadasız-bəlasız ötüşdürə bildik. Müharibədən geriyə ancaq xatirələrimiz qaldı. Gün ərzində 24 saat çalışdıq. Yalnız yorulanda bir az əvəzlədik bir-birimizi. Məqsədimiz isə bu oldu ki, sadəcə, əsgərə ilk tibbi yardım etməyək, onların yaralarını elə saraq ki, əl-ayaq amputasiyaları olmasın, gələcəkdə etdiyimiz əməliyyatlar əlilliklə nəticələnməsin”.
“Ən ağır yaralı əsgər belə özünə gələn kimi “doktor, xahiş edirəm, yardım et, döyüşlərə yenidən qatıla bilim” deyə müraciət edirdi” deyən Elmir Əsgərovun sözlərinə görə, heç bir ağrı, heç bir yara əsgərin vətən sevgisinin qarşısına keçə bilmirdi: “Baxırdın, 18-19 yaşı var, amma ilk sözü “doktor, döyüşçü yoldaşlarım orda qaldı, yaramı sarı, qayıdım” deyirdi. O qədər yüksək ruh yüksəkliyi vardı ki, biz yorulmaq nədir, bilmirdik. Əsgərin bəzən dildə demədiklərini onların gözləri deyirdi. Baxırdın, ayağı param-parça idi, amma gözləri “ayağımı sağalt, mənim cəbhəyə qayıtmaq niyyətim var” deyirdi”.
Vətən savaşında qazandığımız zəfərin ağ xalatlı qəhrəmanları, misilsiz xidmətlərinizə görə sizə təşəkkür edir, şəhid olanların ruhu qarşısında baş əyirik!
SEVİNC
FAİQ