Həkim-infeksionist: “II qan qrupundan olanlar arasında COVID-19-dan ağırlaşma və ölüm daha çoxdur”
“Yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir”.
APA TV-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib: “Mərhələli şəkildə yumşalmaya getməyimiz davam edir. Müşahidə edirsiniz ki, yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir. Hər bir vətəndaş qaydalara əməl etməlidir”.
TƏBİB rəsmisinin sözlərinə görə, ötən dövr ərzində koronavirusa yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeron yarımadasının payına düşüb. O bildirib ki, yaş həddinə gəldikdə, ən çox yoluxmalar 50-59 yaş qrupundadır. 10-16 avqust tarixlərində ölkə üzrə ümumi yoluxmaların sayı isə 651 nəfər olub.
Yaqut Qarayeva bildirib ki, hazırkı durumda sərtləşməyə getməklə bağlı ciddi dəyişiklik yoxdur: “Məqsəd yumşalmaya mərhələli şəkildə gedərək yoluxmaların sayına nəzarət etməkdir. Artımları bu gün görürük. Ona görə də bəzi qərarların qəbulu gözlənilir. Əvvəlki problemlərlə yenidən qarşılaşmamaq üçün vəziyyətə ciddi yanaşmalıyıq. Hazırda artım var. Amma vəziyyət nəzarət altındadır”.
TƏBİB rəsmisi onu da əlavə edib ki, ümumi yoluxma sayı azaldığı üçün bəzi pandemiya xəstəxanaları bağlanıb.
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov isə bildirib ki, Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır. O bildirib ki, çalışdığı tibb müəssisəsi martın 23-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında pandemiya ilə mübarizəyə başlayıb: “İlk vaxtlar bir neçə günlük çətinliyimiz olsa da, sonrakı günlərdə hər şey yüksək səviyyədə təşkil olundu. Almaniyada fevral-aprel ayları ərzində 10 min xəstədən 22%-i ölüb. Yaş qrupları üzrə bu faiz dəyişməkdədir. 60-70 yaş aralığı 15%, 60-dan aşağı 5% olub. Bizim xəstəxanada ölüm faizi 10% daha aşağıdır, yəni 12%-dir. Ümumilikdə Azərbaycanda koronavirusa yoluxub ölənlər 1%-dən aşağıdır. İranda, Çində, Avropada bu rəqəmlər daha çoxdur. Bu karantin tədbirlərinin operativ şəkildə təqdim olunması ilə əlaqəlidir. Bu gün dünya nəyi bilirsə, biz onu bilirik, onu təqdim edirik. Bu gün bizdə ölüm faizi çox aşağıdır”.
Fərrux Sədirov onu da qeyd edib ki, II qan qrupundan olanlar arasında COVID-19-dan ağırlaşma və ölüm daha çoxdur: “Bu gün immun plazmadan aktiv şəkildə istifadə etməyə başlamışıq. Xəstələrin sağalması üçün bütün preparatlar dövlət tərəfindən təmin edilir. II qan qrupundan olanlarda COVID-19-dan ağırlaşma və ölüm halı daha çoxdur. I, III və IV qan qruplarından olanlarda ağırlaşmalar nisbətən daha azdır”.
Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov isə deyib ki, koronavirus xəstələrinin müalicəsində nəticələrimiz bir çox inkişaf etmiş ölkələrlə eyni səviyyədə, hətta bəzilərindən yaxşıdır. O bildirib ki, vəziyyəti ağırlaşmış, kritikləşmiş xəstələrin müalicəsi ilə məşğul olublar: “Bu xəstələrin ölüm faizi daha yüksəkdir. COVID həqiqətən çox fərqli xəstəlikdir. Fəaliyyətimizin bir dövrünün xaricdə olmasını da nəzərə alsaq, bu cür ağırlaşmış virusla qarşılaşmamışıq. Bu dövrdə xəstələrin müəyyən qismini itirmişik. Ancaq həm xəstəxana, həm də reanimasiya şöbəsi olaraq, əlimizdən gələni etmişik. Şöbələrin hamısı birlikdə bu xəstələri müalicə etməyə çalışmışıq. Nəticələrimiz dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni səviyyədə, hətta bəzilərindən yaxşıdır. Bütün dünyada reanimasyon xidmət çox bahalıdır. Biz hələ tam sığorta ölkəsi olmasaq da, pandemiya başlayan gündən dövlətin dəstəyini tam hiss etmişik. Reanimasiyada çox bahalı dərmanlardan istifadə olunur. Bunların hamısı dövlətimiz tərəfindən təmin olunub. Payız və qış aylarında yenidən 2-ci dalğa olarsa, daha təcrübəli şəkildə bu mübarizəyə davam edəcəyik”.
Brifinqdə çıxış edən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov isə deyib ki, koronavirusa qarşı mübarizəni sona qədər davam etdirəcəyik və qalib olacağıq. “Ümumilikdə 51 xəstəxana COVID-li xəstələrin müalicəsinə cəlb edilib. Bütün xəstəxanalar qısa zamanda mobilləşdi. Biz bütün cihazlarla, dərman preparatları ilə təchiz olunmuşuq. Biz ilk olaraq 3 karantin qrupunu yola salmışıq. İlk gündən xidmətin yüksək səviyyədə təşkil olunması göz önündədir. Dünyada koronavirusa yoluxma sayı ilə ölüm sayının müqayisəsi, aparılan müalicə və bizdə olan çarpayı bazası, süni tənəffüs cihazlarımızın sayını müqayisə etsək, ortaya müəyyən cavablar çıxacaq”.
Elnur Azadxanov vurğulayıb ki, hazırkı şəraitdə koronavirusla mübarizə multidisiplinar şəkildə həyata keçirilməlidir: "Koronavirusa yoluxan insanlar adətən yanaşı xəstəliyi olan insanlardır. Bizim xəstəxanamızda 5 kurs kimyaterapiya almış koronalı xəstəni xəstəxanada əməliyyat etdik. O əməliyyatdan da çıxdı. Koronavirusdan da sağaldı. Belə örnəklər çoxdur. Digər xəstəxanalar da bu mübarizəni multidisiplinar şəkildə həyata keçirməkdədir”.
Qeyd edək ki, ölkə ərazisində son sutkada 171 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 2 nəfər vəfat edib.
Faiq Həsənov,
APA TV